Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Editor.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədovanın iştirak etmədiyi məlum olub.
Vəkil iclasda iştirak etməyəcəyi ilə bağlı məhkəməyə müraciət göndərib. Sultan Qasımov isə deyib ki, sentyabrın 21-də vəkillə müqavilə bağlayıb, buna görə yeni vəkil iclasa qatılmayıb.
Hakim təqsirləndirilən şəxsin bundan əvvəlki iclasda da analoji sözü söylədiyini xatırladıb və bu halı məhkəmə işinin süründürülməsi kimi qiymətləndirib.
Dövlət ittihamçısı prosesin təxirə salınmasını təklif edib.
Növbəti proses sentyabrın 30-da davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki iclasda Sultan Qasımov ittiham aktını almadığını demişdi. Hakimlər Qasımova ittiham aktını verilməsi ilə bağlı iclası bu günə təxirə salmışdı. Bundan əlavə əvvəlki iclasda dövlət hesabına təyin olunan vəkildən imtina edən Qasımov yeni vəkillə müqavilə bağlayacağını bildirmişdi.
İttihama görə, sabiq baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sultan Qasımov 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.

