“Uşağı damğalamaq düzgün deyil” – Psixoloqdan məktəbdəki elektron siqaret hadisəsinə REAKSİYAbackend

“Uşağı damğalamaq düzgün deyil” – Psixoloqdan məktəbdəki elektron siqaret hadisəsinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb.

Mövzu ilə bağlı psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, psixoanalitik inkişaf psixoloqu Erik Eriksona görə yeniyetməlik dövrü insanın şəxsiyyətinin formalaşdığı və “kimlik – rol qarışıqlığı” yaşadığı mühüm inkişaf mərhələsidir:

“Bu dövrdə yeniyetmədə həm psixoloji, həm də fizioloji dəyişikliklər artır. Özünü sübut etmək, qrupa qəbul olunmaq, sərhədləri yoxlamaq və müstəqillik göstərmək ehtiyacı daha güclü ola bilər.

Məhz bu səbəbdən bəzi yeniyetmələr elektron siqaret, siqaret və digər riskli davranışlara meyl göstərə bilərlər. Bəs belə vəziyyətdə valideyn və müəllim necə davranmalıdır?

İlk növbədə uşağı damğalamaq, alçaltmaq və “problemli uşaq” kimi təqdim etmək düzgün yanaşma deyil. Davranışın arxasında duran səbəbi anlamaq, yeniyetmə ilə açıq və mühakiməsiz ünsiyyət qurmaq vacibdir.

Burada valideyn – müəllim – məktəb psixoloqu əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Uşağı yalnız cəzalandırmaq deyil, onun emosional ehtiyaclarını, sosial çevrəsini və riskli davranışa yönəlməsinin səbəblərini birlikdə araşdırmaq lazımdır.

Unutmayaq: bu uşaqlar cəmiyyət tərəfindən pislənərək itirilməməli, düzgün yanaşma ilə qazanılmalıdır.

Çünki yeniyetmənin səhvi onun gələcəyini müəyyən etmir. Bəzən doğru zamanda göstərilən anlayış, sərhəd və dəstək bir uşağın həyatında böyük dəyişiklik yarada bilər”.

//Gülnarə Abasova, Editor.az