Dünyada silahlı münaqişələrin sayı son 15 il ərzində iki dəfə artıb. Son dörd ildə isə dünyada 12 yeni münaqişə başlayıb.
Editor.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric “Vedomosti” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişələrin sayındakı bu sürətli artım ciddi qlobal problemə çevrilib.
“Bunun humanitar nəticələri ilə yanaşı, iqtisadiyyata da ciddi təsirini və iqtisadi artımın zəiflədiyini müşahidə edirik. Əksər hallarda bu təsirlər dünyanın müxtəlif yerlərində yaşayan insanlara toxunur”, – BQXK rəhbəri deyib.
Spoljaric beynəlxalq ictimaiyyətin mövcud vəziyyətin gərginliyini azaltma yollarını yenidən müzakirə etməsinin vacibliyini vurğulayıb.
BQXK rəhbərinin sözlərinə görə, münaqişələrin artması yalnız ayrı-ayrı regionlarla məhdudlaşan problem deyil və dünyanın bütün ölkələrinə təsir göstərə bilər. O, beynəlxalq humanitar hüququn prinsiplərinə vahid yanaşmanın bərpa edilməsinin vacibliyini qeyd edib.
//Gülnarə Abasova, Editor.az

