Həkim çay balıqlarının yaratdığı sağlamlıq riskləri barədə xəbərdarlıq edibbackend

Həkim çay balıqlarının yaratdığı sağlamlıq riskləri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çaylarda yaşayan bəzi balıq növləri insan sağlamlığı üçün təhlükə yarada biləcək parazitlər, bakteriyalar və toksik maddələr daşıya bilər. Belə balıqların düzgün emal edilmədən istehlakı müxtəlif xəstəliklərə və ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər.

Editor.az xəbər verir ki,rusiyalı həkim-cərrah Aleksandr Umnovun sözlərinə görə, çay balıqlarında əsas təhlükələrdən biri helmintlərin, yəni parazit qurdların sürfələrinin olmasıdır.

Mütəxəssis bildirib ki, xüsusilə sazan fəsiləsinə aid balıqlarda — çapaq, karp, külmə və digər növlərdə — opistorxoz xəstəliyinə səbəb olan parazitlərin sürfələrinə rast gəlinə bilər. Bu parazitlər insan orqanizminə daxil olduqdan sonra əsasən qaraciyər, öd kisəsi və mədəaltı vəzidə məskunlaşaraq müxtəlif fəsadlara səbəb ola bilər.

Yırtıcı balıqlarda, o cümlədən durnabalığı, xanıbalığı və nalım balığında isə difillobotrioza səbəb olan enli lentqurdun sürfələri ola bilər. Parazit insanın həzm sisteminə daxil olduqdan sonra nazik bağırsaqda inkişaf edir və orqanizmin qida maddələrindən istifadə edir.

Həkimin sözlərinə görə, digər təhlükəli parazit xəstəliklərindən biri də klonorxozdur. Qaraciyər sorucusunun törətdiyi bu xəstəlik qaraciyərin zədələnməsinə və mədəaltı vəzin iltihabına səbəb ola bilər.

Parazit infeksiyalarının ilkin əlamətləri arasında halsızlıq, yüksək hərarət, baş ağrısı, qarında ağrılar və allergik reaksiyalar yer ala bilər. Xəstəlik vaxtında müalicə edilmədikdə xroniki xarakter ala və daha ciddi fəsadlara səbəb ola bilər. Uzunmüddətli parazit infeksiyalarının xolesistit, pankreatit, qaraciyər sirrozu və bəzi onkoloji xəstəliklərin inkişafı ilə əlaqəli ola biləcəyi qeyd edilir.

Çay balıqları ilə bağlı risklər yalnız parazitlərlə məhdudlaşmır. Çay sularının çirklənməsi nəticəsində balıqlarda salmonella və E. coli kimi patogen bakteriyalar da ola bilər. Balığın lazımi qaydada termiki emaldan keçirilmədən istehlak edilməsi bu mikroorqanizmlərin insan orqanizminə keçməsinə səbəb ola bilər.

Bundan başqa, sənaye tullantıları ilə çirklənmiş su hövzələrində yaşayan balıqların orqanizmində civə, qurğuşun, kadmium və digər ağır metallar toplana bilər. Bu maddələr balığın bişirilməsi zamanı tamamilə parçalanmır və insan sağlamlığı üçün əlavə risk yarada bilər.

Mütəxəssis qeyd edib ki, balığın kifayət qədər uzun müddət termiki emalı bir çox bakteriya və parazitləri məhv etməyə imkan verir. Lakin bu üsul balığın orqanizmində əvvəlcədən toplanmış kimyəvi toksinləri aradan qaldırmır.

Həkim həmçinin çay balıqlarının bəzi insanlarda allergik reaksiyalara səbəb ola biləcəyini bildirib. Bu reaksiyalar yüngül dəri səpkilərindən və şişkinlikdən daha ağır allergik hallara qədər dəyişə bilər.

Mütəxəssislərin tövsiyələrinə görə, çay balığı istehlak edilərkən yalnız onun düzgün termiki emalına deyil, həm də balığın tutulduğu su hövzəsinin ekoloji vəziyyətinə və məhsulun keyfiyyətinə diqqət yetirmək vacibdir.

//Gülnarə Abasova, Editor.az