Azərbaycanda nazirlikdən valideynə QEYRİ-ADİ CAVAB – FOTOFAKTbackend

Azərbaycanda nazirlikdən valideynə QEYRİ-ADİ CAVAB – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron xidmət platforması olan Portal.edu.az üzərindən vətəndaşa göndərilən cavabda 143 nömrəli tam orta məktəbin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olmadığı bildirilib. Lakin bu məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəsmi məlumatları ilə ziddiyyət təşkil edir.

Bu barədə Oxu.Az-a Fəridə Qəribli tərəfindən şikayət daxil olub.

Valideyn müraciətində övladının əvvəllər 143 nömrəli tam orta məktəbin rus bölməsində təhsil aldığını bildirib.

Onun sözlərinə görə, şəxsi səbəblərlə əlaqədar qızı həmin məktəbdən çıxarılaraq Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli məktəbə keçirilib. Hazırda uşaq həmin məktəbin Azərbaycan bölməsində təhsil alır.

Valideyn qeyd edib ki, qızı əvvəllər rus bölməsində təhsil aldığından Azərbaycan bölməsinə uyğunlaşa bilməyib və tədris prosesində çətinliklərlə üzləşir. Bu səbəbdən övladının yenidən 143 nömrəli tam orta məktəbin rus bölməsində təhsilini davam etdirməsini istəyir.

Məsələ ilə bağlı valideyn Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirliyin elektron xidmət platforması olan Portal.edu.az üzərindən valideynə göndərilən cavabda isə bildirilib:

“143 nömrəli tam orta məktəb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olmadığından müraciətinizə baxılması mümkün deyildir. Övladınızın yerdəyişməsi və tədris dilinin dəyişdirilməsi məsələsi ilə bağlı aidiyyəti üzrə məktəbin tabe olduğu müvafiq Regional Təhsil İdarəsinə müraciət etməyiniz xahiş olunur”.

Azərbaycanda nazirlikdən valideynə QEYRİ-ADİ CAVAB - FOTOFAKT

Göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron platforması üzərindən verilən cavabda 143 nömrəli məktəbin BŞTİ-nin tabeliyində olmadığı qeyd edilib.

Lakin BŞTİ-nin rəsmi internet səhifəsində 143 nömrəli tam orta ümumtəhsil məktəbi İdarənin tabeliyində olan ümumi təhsil müəssisələri sırasında göstərilir.

Azərbaycanda nazirlikdən valideynə QEYRİ-ADİ CAVAB - FOTOFAKT

Beləliklə, 143 nömrəli məktəbin tabeliyi ilə bağlı rəsmi məlumatlarda ziddiyyət yaranıb: Nazirliyin elektron platforması üzərindən valideynə göndərilən cavabda məktəbin BŞTİ-nin tabeliyində olmadığı bildirilib, qurumun rəsmi məlumatında isə məktəb İdarənin tabeliyində göstərilir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.