Ərdoğanın İsrailə xəbərdarlığı: Türkiyə ilə İsrail arasında müharibə ehtimalı artır?backend

Ərdoğanın İsrailə xəbərdarlığı: Türkiyə ilə İsrail arasında müharibə ehtimalı artır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və İsrail arasında son dövrlərdə artan siyasi ritorika Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mühitinə əlavə gərginlik gətirir. Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin gələcək istiqaməti yalnız ikitərəfli əlaqələr baxımından deyil, regionda güc balansı və geosiyasi proseslərin inkişafı baxımından da diqqət çəkir. Bu baxımdan, tərəflərin qarşılıqlı sərt bəyanatlarının real hərbi qarşıdurma riskinə çevrilib-çevrilməyəcəyi regional sabitlik, o cümlədən Azərbaycanın təhlükəsizlik maraqları baxımından da mühüm məsələ olaraq qalır.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, iki ölkə arasında hərbi qarşıdurma reallığı mövcuddur:

“Amma bunun müharibəyə, qarşılıqlı hərbi zərbələrə çevrilməsi şansı və perspektivi demək olar ki, yoxdur. Sadəcə, bir-birinə qarşı çox ciddi ritorik ittihamlar səsləndirirlər.

Ancaq bir məqam hiss olunur ki, həm İsraildə, həm də Türkiyədə iki ölkə arasındakı bu gərginliyi süni şəkildə artırmaq cəhdləri var. Düşünürəm ki, bu da hər iki tərəfdən ölkələrin daxili siyasətinə hesablanmış gedişdir. Hər iki ölkə seçki ərəfəsindədir. Türkiyə də, İsrail də seçki ərəfəsində olduğuna görə, hər iki ölkənin siyasi qüvvələri aradakı mövcud gərginliyi daha da qızışdırmaqda maraqlıdırlar və bununla da seçki ərəfəsində ölkə daxilində cəmiyyətlərə mesaj verilir. Hər iki halda seçkidə qələbə çalmaq əsas məqsəddir.

Amma iki ölkə arasında ziddiyyətlər və mövqelər nə qədər fərqli olsa da, bunun qarşıdurmaya və yaxud hərbi təcavüzə çevrilməsi şansı demək olar ki, yoxdur. Unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür, İsrail isə NATO-nun əsas qüvvəsi olan Amerikanın strateji müttəfiqidir. Hətta illər öncə Amerikanın xüsusi dövlət direktivi ilə İsrail Amerikanın NATO üzrə xüsusi müttəfiqi elan olunub. Yəni İsrail NATO-nun üzvü olmasa da, NATO üzrə Amerikanın strateji müttəfiqi elan olunduğuna görə, bu vəziyyət iki ölkə arasında hərbi konfliktin yaranmasına gətirib çıxara bilməz.

Baxmayaraq ki, hər iki tərəfdən eskalasiyanın artırılmasında maraqlı olan qüvvələr var, ancaq İsrail-Amerika münasibətlərinin, İsrail-Türkiyə münasibətlərinin müharibəyə çevrilmək ehtimalından qəti şəkildə narahat olmağa dəyməz”.

//Gülnarə Abasova, Editor.az