ABŞ Prezidenti Donald Tramp bəzi pilotsuz uçuş aparatlarının (PUA) və onların komponentlərinin ölkəyə idxalına 100 faizlik gömrük rüsumunun tətbiq edilməsi barədə göstəriş verib.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tramp müəyyən PUA-lara və onların komponentlərinə advalor gömrük rüsumlarının tətbiq edilməsini zəruri və məqsədəuyğun hesab etdiyini bildirib.
Bundan əvvəl ABŞ-ın 25 ştatından olan demokratlar Trampın tətbiq etdiyi idxal rüsumlarına qarşı məhkəməyə müraciət ediblər. İddiaçılar tariflərin qanunsuz olduğunu və ABŞ Ali Məhkəməsinin daha əvvəl etibarsız saydığı tədbirlərlə müqayisə edilə biləcəyini bildiriblər. Onların fikrincə, ABŞ Ticarət Nümayəndəliyinin tətbiq etdiyi rüsumların miqyası qurumun səlahiyyətləri ilə ziddiyyət təşkil edir.
Tramp daha əvvəl Fransa Prezidenti Emmanuel Makronu da xəbərdar edib. ABŞ prezidenti Fransanın amerikalı texnologiya şirkətlərinə tətbiq etdiyi rəqəmsal vergini qüvvədə saxlayacağı təqdirdə, Fransadan idxal olunan bütün şərab və şampanlara 100 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Bundan başqa, Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirməsi halında boğazdan keçid üçün ödəniş tətbiq edilə biləcəyini də bildirib.
Yeni qərarın ABŞ-ın PUA bazarına və xarici istehsalçılara necə təsir göstərəcəyi qarşıdakı dövrdə məlum olacaq.
//Gülnarə Abasova, Editor.az

