“30 ilə yaxın doğma torpaqlarının işğal ağrısını yaşayan xalqımız artıq 6 ildir ki, həmin torpaqların azadlığı ilə yaddaşlara həkk olunan Zəfər günlərinin qürurunu yaşayır. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa və Laçının itirilməsi ölkənin təhlükəsizlik və ərazi bütövlüyü baxımından ağır nəticələr doğurdu. Bu bölgənin strateji əhəmiyyəti onun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratması ilə bağlı idi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatl Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, Laçının işğalı həmin dövrdə Azərbaycanda hökm sürən dərin siyasi böhranın, hakimiyyət uğrunda çəkişmələrin, dövlət idarəçiliyindəki xaosun və rəhbərliyin səriştəsizliyinin birbaşa nəticələrindən biri idi:
“Həmin dövrdə Bakıda hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr ölkənin qarşısında dayanan real hərbi təhlükəni lazımi səviyyədə qiymətləndirə bilmirdilər. Siyasi çəkişmələr və hakimiyyət uğrunda mübarizə cəbhədəki vəziyyətin nəzarətdən çıxmasına, strateji əhəmiyyət daşıyan bölgələrin müdafiəsinin zəifləməsinə səbəb olurdu. Ən ciddi problemlərdən biri ölkədə vahid hərbi komandanlığın olmaması idi. Nəticədə ayrı-ayrı silahlı birləşmələrin fəaliyyətində koordinasiya problemi yaranır, dövlətin müdafiə imkanları parçalanırdı. Hakimiyyətin yarıtmaz kadr siyasəti və idarəetmədəki boşluqlar da vəziyyəti daha da ağırlaşdırırdı. Dövlət və milli təhlükəsizlik maraqlarının ön plana çəkilməli olduğu bir şəraitdə şəxsi maraqların üstün tutulması müdafiə sisteminin zəifləməsinə gətirib çıxardı. Siyasi xaos və anarxiya fonunda ölkənin strateji əhəmiyyətli ərazilərinin müdafiəsi lazımi səviyyədə təşkil olunmadı. Laçın məhz belə mürəkkəb siyasi və hərbi şəraitdə işğal təhlükəsi ilə üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın strateji əhəmiyyətli bu bölgəsinin itirilməsi həm ciddi ərazi itkisi, həm də ölkənin sonrakı hərbi-siyasi vəziyyətinə böyük təsir göstərən faciəli hadisə oldu.
İşğal nəticəsində Laçın əhalisi doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. 30 ilə yaxın işğal altında qalan şəhər və rayon artıq Böyük Qayıdışın ünvanına, genişmiqyaslı quruculuğun və sürətli inkişafın nümunəsinə çevrilib. Laçının bugünkü simasında tarixlə müasirlik, Zəfərlə quruculuq, qayıdışla gələcəyə inam vəhdət təşkil edir.
İşğal illərində Laçında Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı məqsədyönlü dağıntılar həyata keçirildi. Mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər talan edildi və dağıdıldı. Tarixi abidələrə zərər vuruldu, yaşayış məntəqələrinin adları dəyişdirildi.
Bununla yanaşı, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş qanunsuz məskunlaşdırma siyasəti aparıldı, təbii sərvətlərdən qanunsuz istifadə edildi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər Laçının taleyini də dəyişdi:
“10 noyabr – üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 ildən artıq davam edən həsrətə son qoyuldu. Laçın yenidən Azərbaycan bayrağı altında öz inkişaf yoluna qədəm qoydu. Məhz bu tarixi hadisənin rəmzi olaraq 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi Laçının tarixində yeni mərhələnin başlanğıcını rəsmiləşdirdi.
Bu gün Laçın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasətinin ən parlaq nümunələrindən biridir. Laçında inşa olunan müasir binalar, salınan yollar, yaradılan sosial obyektlər, enerji və istehsal müəssisələri bu böyük quruculuq siyasətinin real nəticələridir. Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə imkan yaradır. 2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması isə rayonun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Layihəyə əsasən 100 milyon kubmetr ümumi tutuma malik su anbarı yaradılacaq. Təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası da nəzərdə tutulur. Bu layihənin reallaşması Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min insanın keyfiyyətli içməli su ilə təminatına imkan yaradacaq.
Beləliklə, Laçın təkcə özünün deyil, bütövlükdə regionun gələcək inkişafında mühüm infrastruktur mərkəzinə çevrilir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin strateji və beynəlxalq əhəmiyyətini daha da artırıb. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı regionun nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu hava limanı həmçinin Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının inkişafına yeni imkanlar açır. Laçının dirçəlişinin ən böyük göstəricisi isə, heç şübhəsiz, insanların öz doğma yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhərə qayıdışı başlayıb.
Laçında qurulan yeni yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, parklar, yollar və digər sosial obyektlər qayıdan sakinlərin rahat və təhlükəsiz həyatını təmin etmək məqsədi daşıyır. Laçında rayonun iqtisadi potensialının inkişafı üçün də mühüm addımlar atılır. Laçın Aqro-Sənaye Parkında 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi isə şəhərin artan mədəni əhəmiyyətinin göstəricisidir. Laçının bugünkü mənzərəsi Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərlərində müəyyənləşdirilən inkişaf strategiyasının nəticəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən görüşü şəhərin yeni geosiyasi və diplomatik əhəmiyyətini də nümayiş etdirdi.
Beləliklə, azad Laçın Azərbaycanın Zəfər tarixinin canlı səhifəsi, Böyük Qayıdışın rəmzi və gələcəyə hesablanmış böyük inkişafın bariz nümunəsidir”.
//Gülnarə Abasova, Editor.az

