Avropa İttifaqında ukraynalılara müvəqqəti müdafiə statusunun verilməsi ilə bağlı yeni qaydaların tətbiqi davam edir. Avropa Komissiyası yaxın həftələrdə üzv dövlətlər üçün yenilənmiş təlimatlar açıqlayacaq.
Məsələ xüsusilə bəzi Aİ ölkələrində müvəqqəti müdafiə üçün müraciət edən ukraynalı qadınlardan hərbi statuslarını təsdiqləyən məlumatların, o cümlədən “Rezerv+” tətbiqindəki məlumatların tələb edilməsi ilə bağlıdır.
Avropa Komissiyasının nümayəndəsi Markus Lammert bildirib ki, Aİ Şurasının yeni qərarı kişi və qadınlar arasında fərq qoymur. Tələblər Ukrayna qanunvericiliyinə əsasən hərbi öhdəliyi olan şəxslərə şamil edilir.
Bu səbəbdən, hərbi öhdəliyi olan qadınlardan da müvafiq statuslarını və öhdəliklərini yerinə yetirdiklərini təsdiqləyən sənədlər istənilə bilər.
Bununla yanaşı, Avropa Komissiyası vurğulayır ki, yeni qaydalar qadınlar üçün əlavə hərbi öhdəlik yaratmır. Söhbət yalnız Ukrayna qanunvericiliyində artıq mövcud olan hərbi öhdəliklərin nəzərə alınmasından gedir.
Yeni qaydaların praktiki tətbiqi ilə bağlı yekun qiymətləndirməni isə hər bir Aİ ölkəsinin milli qurumları həyata keçirir. Komissiya məhz bu məsələdə vahid yanaşmanın təmin olunması üçün daha ətraflı təlimatlar hazırlayır.
Qeyd edək ki, Aİ ukraynalılar üçün müvəqqəti müdafiə mexanizmini 4 mart 2028-ci ilədək uzadıb. Lakin yeni müraciət edən müəyyən kateqoriyalara münasibətdə hərbi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əlavə tələblər tətbiq olunur.
//Samir Qurbanov, Editor.az

