Nəzarətsiz şəkildə qəbul edilən bəzi vitaminlər və bioloji aktiv qida əlavələri (BAA) ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu barədə endokrinoloq və nutrisioloq Darya Xaykina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə analiz və həkim məsləhəti olmadan qəbul edilən məşhur vitamin və mikroelementlər risk daşıyır. Onlardan biri də D vitaminidir. D vitamini çatışmazlığı geniş yayılsa da, onun normadan artıq qəbulu orqanizmdə toplanaraq ürək ritminin pozulması, ürəkbulanma, zəiflik və qanda kalsium səviyyəsinin yüksəlməsi kimi fəsadlara yol aça bilər.
Həkim ən təhlükəli özünümüalicə vasitələrindən biri kimi dəmir preparatlarını da göstərib. Yorğunluğu dəmir çatışmazlığı ilə əlaqələndirən bir çox insan bu preparatları özbaşına qəbul edir. Halbuki dəmirin artıq olması qaraciyərin zədələnməsinə, oksidləşdirici stressin artmasına və toxumalarda dəmirin yığılmasına səbəb ola bilər. Buna görə də qəbuldan əvvəl ən azı ferritin və ümumi qan analizinin nəticələrinin yoxlanılması tövsiyə edilir.
Darya Xaykina nəzarətsiz istifadəsi riskli olan əlavələr sırasında xlorofili də qeyd edib. Son illərdə bu maddəyə orqanizmin təmizlənməsi, cavanlaşma və arıqlama kimi xüsusiyyətlər aid edilsə də, bu təsirləri təsdiqləyən ciddi elmi sübutlar yoxdur. Üstəlik, maye xlorofil məhsullarının bir çoxunda mis olur və onun həddindən artıq qəbulu qaraciyər və sinir sistemi üçün toksik təsir göstərə bilər.
Mütəxəssis A vitamininin də yağda həll olunan və orqanizmdə toplanan vitamin olduğunu vurğulayıb. Xüsusilə eyni vaxtda bir neçə multivitamin və müxtəlif komplekslər qəbul edən şəxslərdə A vitamininin normadan artıq yığılması baş ağrıları, dərinin quruması, qaraciyər problemləri və sümük toxumasında pozğunluqlara səbəb ola bilər.
Siyahıda sink də yer alıb. Həkimin sözlərinə görə, pandemiya dövründə immuniteti gücləndirmək məqsədilə geniş istifadə olunan sink yalnız normal dozada faydalıdır. Həddindən artıq qəbulu ürəkbulanma, qarın ağrısı, baş ağrıları, “yaxşı” xolesterinin azalması və immun sisteminin fəaliyyətinin pozulması ilə nəticələnə bilər. Uzunmüddətli yüksək dozalar isə mis çatışmazlığına səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az


