Qastroenteroloq Yuliya Zabolotskaya bildirib ki, sağlam insanlar üçün gün ərzində 200–300 qram gilas istehlakı təhlükəsiz hesab olunur. Onun sözlərinə görə, bu miqdardan artıq gilas yemək bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Həkim izah edib ki, gilasın tərkibində olan fruktoza və sorbitol bəzi insanların orqanizmində tam həzm olunmur. Nəticədə bu maddələr bağırsaq mikroflorası tərəfindən fermentasiya olunur və qaz yaranması, köp, qarında spazmlar, eləcə də ishal kimi əlamətlər ortaya çıxa bilər. Bundan əlavə, gilasın zəngin olduğu lif bağırsaqların fəaliyyətini sürətləndirsə də, həddindən artıq qəbul edildikdə əks təsir göstərə bilər.
Mütəxəssisin sözlərinə görə, bir dəfəyə 500 qram və ya 1 kiloqram gilas yemək xüsusilə həssas həzm sistemi, qıcıqlanmış bağırsaq sindromu və ya fruktoza dözümsüzlüyü olan şəxslərdə narahatlıq riskini xeyli artırır.
Həkim uşaqların həzm sisteminin daha həssas olduğunu vurğulayaraq, onlara gilasın yaşa uyğun və kiçik porsiyalarla verilməsini tövsiyə edib. Yeni məhsul kimi gilası uşaqların rasionuna tədricən daxil etmək və orqanizmin reaksiyasını izləmək məsləhət görülür.
Zabolotskaya qeyd edib ki, gilası acqarına çox miqdarda yemək və ya əsas qidanı onunla əvəz etmək düzgün deyil. Onun fikrincə, gilası əsas yeməkdən sonra və ya yüngül qəlyanaltı kimi qəbul etmək daha məqsədəuyğundur. Eyni zamanda, gilasın səthində mikroorqanizmlər və çirk qala biləcəyi üçün istifadədən əvvəl mütləq yaxşı yuyulması vacibdir.
Qastroenteroloq gilas yedikdən sonra su içməyin zərərli olması ilə bağlı geniş yayılmış fikrə də münasibət bildirib. O, sağlam insanlarda gilasla suyun birlikdə qəbulunun təhlükəli olmadığını, narahatlıqların əsas səbəbinin isə adətən həddindən artıq meyvə yemək olduğunu vurğulayıb.
Həkim əlavə edib ki, əgər az miqdarda gilas qəbulundan sonra belə davamlı qarın ağrısı, güclü köp və ya ishal yaranırsa, bu, həzm sistemi ilə bağlı fərdi problemlərin əlaməti ola bilər və belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az

