Qara və ya yaşıl çayın böyüklər tərəfindən gündə 2–4 fincan həcmində istehlakı sağlamlıq üçün təhlükəsiz hesab olunur. Mütəxəssislərin fikrincə, bu miqdar ürək-damar xəstəlikləri riskinin və müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən ölüm ehtimalının azalmasına müsbət təsir göstərə bilər.
Editor.az xəbər bu barədə qastroenteroloq Darıya Boqomolova məlumat verib.
Həkimin sözlərinə görə, çayın tərkibində olan polifenollar güclü antioksidant xüsusiyyətlərə malikdir. Onlar orqanizmi sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir, xroniki xəstəliklərin yaranma riskini azaldır və “pis” xolesterinin oksidləşməsinin qarşısını almaqla ateroskleroz və ürək-damar xəstəliklərinin inkişaf ehtimalını aşağı sala bilər. Bundan əlavə, bəzi araşdırmalar polifenolların şiş hüceyrələrinin inkişafına qarşı da müəyyən təsir göstərə biləcəyini ortaya qoyur.
Bununla yanaşı, mütəxəssis həddindən artıq çay istehlakının sağlamlıq üçün mənfi nəticələr doğura biləcəyini də vurğulayıb. Daimi olaraq normadan artıq çay içilməsi orqanizmdə flüorun həddindən artıq toplanmasına səbəb ola və bəzi hallarda diş və sümük toxumalarının zədələnməsi ilə xarakterizə olunan flüoroz xəstəliyinin yaranma riskini artıra bilər.
Qeyd olunub ki, bir fincan çayın tərkibində orta hesabla 30–50 milliqram kofein mövcuddur. Gündəlik 400 milliqramdan artıq kofein qəbulu – təxminən 6–8 fincan çaya bərabərdir – arterial təzyiqin yüksəlməsi, ürək döyüntüsünün sürətlənməsi, narahatlıq, yuxusuzluq və əsəbiliyə səbəb ola bilər.
Mütəxəssis uşaqlara gündə 1–2 fincandan artıq çay verilməsini tövsiyə etmir. Hamilə qadınlara isə bütün mənbələrdən qəbul edilən ümumi kofein miqdarını nəzarətdə saxlamaq məsləhət görülür. Təhlükəsiz gündəlik hədd 200 milliqram kofein hesab edilir.
Həkim bitki çayları ilə bağlı da qeyd edib ki, onların tərkibi və təsiri istifadə olunan bitkidən asılı olaraq dəyişir. Əksər bitki çaylarında kofein olmasa da, onların faydalılığı və təhlükəsizliyi hər bir bitkinin xüsusiyyətlərinə görə ayrıca qiymətləndirilməlidir. Allergiya və ya fərdi həssaslığı olan şəxslər bitki çaylarını seçərkən ehtiyatlı olmalıdırlar.
//Gülnarə Abasova, Editor.az


