Həkim qaraciyərin həddindən artıq yükləndiyini göstərən 5 gizli əlaməti açıqlayıbbackend

Həkim qaraciyərin həddindən artıq yükləndiyini göstərən 5 gizli əlaməti açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraciyər problemləri əksər hallarda açıq simptomlarla özünü göstərmir. Davamlı yorğunluq, yeməkdən sonra ağırlıq hissi, diqqət pozğunluğu və ya qəfil şirniyyat istəyi kimi əlamətlər bir çox insan tərəfindən qaraciyərlə əlaqələndirilməsə də, bu hallar orqanın fəaliyyətindəki pozuntuların göstəricisi ola bilər.

Editor.az xəbər verir ki, bu barədə qastroenteroloq, hepatoloq və dietoloq Svetlana Biryukova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış, lakin çox vaxt nəzərdən qaçırılan əlamətlərdən biri xroniki yorğunluqdur. İnsan kifayət qədər yuxu alsa da, səhər özünü halsız hiss edir, günə başlamaqda çətinlik çəkir, diqqətini toplamaq qabiliyyəti zəifləyir və yuxululuq müşahidə olunur. Bir çox hallarda insanlar bu vəziyyəti vitamin çatışmazlığı, hormonal dəyişikliklər və ya emosional tükənmişliklə əlaqələndirsələr də, səbəb metabolik pozuntular ola bilər.

Həkim bildirib ki, qaraciyər enerji mübadiləsində və orqanizmdə yaranan zərərli maddələrin zərərsizləşdirilməsində mühüm rol oynayır. Orqan həddindən artıq yükləndikdə bədən enerji ehtiyatlarına qənaət etməyə başlayır. Bu hal xüsusilə qaraciyərin piylənməsi və insulin müqaviməti olan şəxslərdə daha çox müşahidə edilir.

Qaraciyər problemlərinin digər xarakterik əlaməti yağlı qidaların qəbulundan sonra yaranan narahatlıqdır. Bu, mütləq güclü ağrı şəklində özünü göstərmir. Yeməkdən sonra ağırlıq hissi, yuxululuq, ürəkbulanma, həddindən artıq toxluq hissi və ya ümumi halsızlıq da xəbərdaredici siqnal hesab oluna bilər.

Mütəxəssis qeyd edib ki, belə simptomlar öd yollarında pozuntu, öd durğunluğu və ya qaraciyərin həddindən artıq yüklənməsi ilə bağlı ola bilər. Əgər bu əlamətlər ağızda acı dad, köp, qeyri-sabit nəcis və ya sağ qabırğaaltı nahiyədə narahatlıqla müşayiət olunursa, risk daha da artır.

Svetlana Biryukovanın sözlərinə görə, dəri problemləri də qaraciyərin vəziyyəti ilə sıx əlaqəlidir. Aşkar allergik və ya dermatoloji səbəb olmadan yaranan qaşınma, quruluq və qıcıqlanma öd turşularının və maddələr mübadiləsinin pozulmasının nəticəsi ola bilər.

Bu əlamətlər adətən zəif ifadə olunduğundan insanlar onları uzun müddət diqqətdən kənarda saxlayırlar. Axşam saatlarında yüngül qaşınma, duşdan sonra qıcıqlanma və ya qollarda, ayaqlarda və kürək nahiyəsində yaranan narahatlıq qaraciyər problemlərinin ilkin siqnalları ola bilər.

Həkim həmçinin diqqət dağınıqlığı, unutqanlıq, qərar verməkdə çətinlik və ümumi zəifliyin də qaraciyər fəaliyyətindəki pozuntularla əlaqəli ola biləcəyini vurğulayıb. Qaraciyər sinir sisteminə təsir edən maddələrin zərərsizləşdirilməsində iştirak etdiyindən, onun funksiyalarının pozulması bilişsel qabiliyyətlərə də mənfi təsir göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, xüsusilə axşam saatlarında güclənən və ya enerji səviyyəsində kəskin dəyişikliklərlə müşayiət olunan şirniyyat istəyi də qaraciyər problemlərinin diqqətdən yayınan əlamətlərindən biri hesab edilir.

//Gülnarə Abasova, Editor.az