Həkim şəkərdən daha güclü asılılıq yaradan məhsulları açıqlayıbbackend

Həkim şəkərdən daha güclü asılılıq yaradan məhsulları açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nevroqastroenteroloq Andrey Simakov bəzi qida və içkilərin insanlarda şəkərdən daha güclü asılılıq yarada bildiyini açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazır. Mütəxəssisin sözlərinə görə, ən güclü vərdiş yaradan məhsullar sırasında ilk növbədə qəhvə, həmçinin dad gücləndiriciləri və parlaq dada malik qidalar yer alır. Buraya çipslər, kolbasa məhsulları, bəzi konservlər, pendir və hazır rollar daxildir.

Həkim bildirib ki, kofeinin müntəzəm istifadəsi zamanla orqanizmdə alışqanlıq yarada və istifadənin dayandırılması zamanı baş ağrısı, yorğunluq, əsəbilik və diqqət azalması kimi simptomlarla müşayiət oluna bilər. Onun sözlərinə görə, qəhvə daha çox psixoloji asılılıq formalaşdırır.

Simakov qeyd edib ki, məsələ yalnız qəhvənin enerji verməsində deyil. Qəhvə insanların gündəlik həyat ritminə — səhər oyanışı, iş fasiləsi və ünsiyyət kimi vərdişlərə inteqrasiya olur. Bu səbəbdən bir çox insan qəhvədən imtinanı şirniyyatdan imtinadan daha çətin keçirir.

Mütəxəssis əlavə edib ki, dad gücləndiriciləri olan məhsullar insanı təkrar-təkrar həmin qidaları qəbul etməyə sövq edir. Belə qidalar aclıq hissinə görə deyil, verdiyi dad və emosional həzz səbəbindən seçilir.

Həkim uşaqların qida asılılığına böyüklərlə müqayisədə daha tez meyilli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, uşaqlar parlaq dad stimullarına daha həssas olur və emosional həzz verən qidalara daha sürətli alışırlar.

Simakov sonda qeyd edib ki, bu məhsulları “narkotik” adlandırmaq düzgün deyil. O bildirib ki, əsas təhlükə müəyyən qidaların davamlı şəkildə güclü dad stimulu yaratması və insanın zamanla həmin hissi yenidən axtarmasıdır.  

//Gülnarə Abasova, Editor.az