Bakının Mehdiabad qəsəbəsində aparılan təmir işləri səbəbindən iki marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Məhdudiyyət 147 və 179 nömrəli avtobuslardan istifadə edən sərnişinlərə təsir edəcək.
Editor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Təmir başa çatanadək 147 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilib. Metronun “Azadlıq” stansiyası istiqamətində hərəkət edən avtobus Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmayacaq. Marşrut Digah qəsəbəsinin Zəlimxan Yaqub küçəsi və Mehdiabad qəsəbəsinin 28 May küçəsi ilə davam etdiriləcək.
179 nömrəli avtobusun hərəkəti də alternativ küçələr üzrə təşkil olunub. Avtobuslar Mehdiabad qəsəbəsində Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələrindən istifadə edəcək.
Dəyişikliklər təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu səbəbdən həmin marşrutlardan istifadə edən sərnişinlər səfərlərini əvvəlcədən planlaşdırmalı və avtobusların yeni hərəkət istiqamətlərini nəzərə almalıdırlar.

