Azərbaycanın İslam dünyasında artan nüfuzu: Həmrəylikdən qlobal təşəbbüskarlığabackend

Azərbaycanın İslam dünyasında artan nüfuzu: Həmrəylikdən qlobal təşəbbüskarlığa  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam dünyasında nüfuz yalnız dini və tarixi bağlılıqla deyil, ortaq dəyərlərin qorunması, beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal proseslərə real töhfə vermək bacarığı ilə ölçülür. Azərbaycan bu baxımdan İslam dünyasının fəal və təşəbbüskar dövlətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi də ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin və İslam dünyasındakı mövqeyinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri dərin tarixi əsaslara söykənir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İƏT olub. Bu il Azərbaycanın təşkilata üzvlüyünün 35-ci ildönümünün tamamlanması münasibətlərin strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsi və onun Azərbaycan-İƏT əlaqələrinin inkişafındakı xidmətlərinin vurğulanması isə bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyev həmin siyasi irsi müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın təşkilat daxilində nüfuzunu və təşəbbüskarlığını daha da artırıb.

İƏT Baş katibinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi hadisə kimi qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Ermənistanın təxminən 30 il davam edən işğalçılıq siyasəti dövründə təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğalı pisləyən çoxsaylı qətnamələr və bəyanatlar qəbul edib. Bu mövqe Azərbaycanın haqq işinin İslam dünyasında da dəstəkləndiyini göstərirdi. Bu gün isə Azərbaycan öz suverenliyini tam bərpa etmiş dövlət kimi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə irəli aparılan sülh gündəliyi təkcə Azərbaycan və Ermənistan münasibətləri baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün əhəmiyyətlidir.

Azərbaycanın İslam dünyasındakı rolunu fərqləndirən əsas xüsusiyyətlərdən biri həmrəylik ideyasını konkret təşəbbüslərlə dəstəkləməsidir. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun bariz nümunəsidir. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlığı Gənclər Forumunun yaradılması, Bakıda İƏT Əmək Mərkəzinin təsis edilməsi və BMT ilə İƏT arasında əməkdaşlığın genişləndirilməsinə yönələn addımlar Azərbaycanın bu istiqamətdə ardıcıl siyasət apardığını təsdiqləyir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın beynəlxalq miqyasda fərqləndirici təşəbbüslərindən biridir. Müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqlar arasında dialoqun təşviqi dünyada dini dözümsüzlüyün və qarşıdurmaların artdığı bir dövrdə xüsusi aktuallıq daşıyır. Azərbaycan bununla göstərir ki, İslam dünyasının maraqlarını müdafiə etmək digər sivilizasiyalarla əməkdaşlığa açıq olmaqla ziddiyyət təşkil etmir.

İslam mədəni irsinin qorunması da Azərbaycanın siyasətində mühüm yer tutur. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin və dini-mədəni abidələrin bərpası tarixi irsimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi tarixi abidələrin bərpası və mədəni irsin qorunması layihələri isə bu fəaliyyətin beynəlxalq miqyasda davam etdirildiyini göstərir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, dini və mədəni irsin qorunması yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin məsuliyyətidir.

Digər mühüm istiqamət islamofobiya ilə mübarizə və İslam dünyasına qarşı yönələn dezinformasiyaların qarşısının alınmasıdır. Azərbaycan bu məsələlərin beynəlxalq gündəlikdə saxlanılmasına, dini ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsinə və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verir. İƏT üzvü olan dövlətlərin bu istiqamətdə əlaqələndirilmiş fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır. Çünki müasir dövrdə informasiya məkanında yayılan yanlış məlumatlar bəzən siyasi münasibətlərə, xalqlar arasında etimada və bütövlükdə beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərir.

Azərbaycanın təcrübəsi dünyəvi dövlətçiliklə İslamın mənəvi dəyərlərinə sədaqətin uğurla uzlaşdırılmasının mümkünlüyünü nümayiş etdirir. Ölkəmiz müasir inkişaf modelini, dini etiqad azadlığını və multikultural ənənələrini qorumaqla yanaşı, İslam mədəniyyətinə və tarixi irsinə böyük ehtiram göstərir. Məhz bu tarazlıq Azərbaycanın həm İslam dünyasında, həm də beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran amillərdən biridir.

Azərbaycanın İƏT çərçivəsində artan rolu qarşıdakı dövrdə də davam edəcək. Şuşanın 2026-cı il üzrə İƏT turizm paytaxtı seçilməsi, Bakıda təşkilatın Parlament İttifaqının 20-ci Sessiyasının keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin göstəriciləridir. 2027-ci ildə İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin nəzərdə tutulması, eləcə də ölkəmizin İslam Zirvə Konfransının 16-cı Sessiyasına ev sahibliyi etməsi və təşkilatda sədrliyi üzərinə götürməsi qarşıdakı dövrdə bu əməkdaşlığın daha da genişlənəcəyini göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan üçün İslam həmrəyliyi yalnız tarixi və dini bağlılıq məsələsi deyil, həm də müasir xarici siyasətin mühüm strateji istiqamətidir. Prezident İlham Əliyevin İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşü Azərbaycanın bu sahədəki mövqeyini bir daha təsdiqləyir. Ölkəmiz İslam dünyasında birliyin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, müsəlman dövlətlərinin beynəlxalq nüfuzunun artırılmasını, mədəni irsin qorunmasını və sülhün təşviqini də prioritet hesab edir.

Ən əsası, Azərbaycan öz fəaliyyəti ilə göstərir ki, İslam həmrəyliyi yalnız ortaq keçmişə istinad etməklə məhdudlaşmamalıdır. Bu həmrəylik dövlətlərin bir-birinin suverenliyinə hörmətində, ədalətli mövqeləri dəstəkləməsində, ortaq problemlərin həllində və gələcək nəsillər üçün daha təhlükəsiz dünyanın qurulmasında real məzmun qazanmalıdır. Azərbaycanın İslam dünyasına verdiyi töhfənin əsas mahiyyəti də məhz budur.

Fərid Şahbazlı
Siyasi şərhçi