Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun Estoniyada fəaliyyət göstərən Wise Moves Ltd. şirkətinin gəlirləri kəskin azalıb. Bu fonda Kasparovun banklardan təxminən 200 min avro kredit götürdüyü bildirilir.
Bu barədə SHOT nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Kasparov 2012-ci ildə Estoniyada Wise Moves Ltd. şirkətini yaradıb. Şirkətdə onun payı 96,3 faiz, həyat yoldaşı Dariyanın payı isə 3,7 faiz təşkil edir.
SHOT-un iddiasına görə, şirkət 2024-cü ildə Avropa İttifaqından sosial və humanitar elmlər sahəsində tədqiqatların aparılması üçün 22 min avrodan çox qrant alıb.
Estoniyanın şirkət məlumatları bazasında dərc olunan maliyyə göstəricilərinə əsasən, Wise Moves Ltd.nin satış gəlirləri 2024-cü ildə 23 309 avro, 2025-ci ildə isə 1 219 avro təşkil edib. Beləliklə, şirkətin gəlirləri bir il ərzində təxminən 95 faiz azalıb.
SHOT-un məlumatına görə, Kasparov Estoniya banklarından illik 2 faizlə təxminən 200 min avro kredit götürüb. Bildirilir ki, borcun əvvəlcə 2028-ci ilədək qaytarılması nəzərdə tutulsa da, sonradan ödəniş müddəti 2031-ci ilədək uzadılıb.
Həmçinin şirkətdə hazırda ştatlı əməkdaşların olmadığını iddia edir.
Onu da qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub və dünya şahmat tarixinin ən böyük qrossmeysterlərindən biri hesab olunur. O, 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu olub və uzun illər dünya reytinqində birinci pillədə qərarlaşıb.

