ABŞ və İran arasında son günlər yenidən kəskinləşən hərbi qarşıdurma regionda vəziyyəti daha da gərginləşdirib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ-ın bu həftə həyata keçirdiyi zərbələr nəticəsində ən azı 13 İran hərbçisinin öldüyü bildirilib.
İranın yarı-rəsmi Tasnim agentliyi ölənlər arasında üç pilotun da olduğunu açıqlayıb. Bundan əvvəl isə İranın müxtəlif bölgələrində İnqilab Keşikçiləri və Bəsic qüvvələrinin üzvlərinin öldürüldüyü barədə məlumatlar yayılmışdı.
Qarşıdurma yalnız hərbi obyektlərlə məhdudlaşmır. Son ABŞ zərbələri nəticəsində mülki şəxslər arasında da itkilərin olduğu bildirilir. İran isə buna cavab olaraq ABŞ-ın İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Müşahidəçilər regionda gərginliyin artmasının enerji bazarlarına və beynəlxalq gəmiçiliyə əlavə təzyiq yarada biləcəyini istisna etmirlər.
//Samir Qurbanov, Editor.az

