Böyük Britaniyada yaşayan və 40 ildən artıq müddətdə demək olar ki, yalnız kartof məhsulları ilə qidalanan qadın hipnoterapiya kursundan sonra qida pozuntusuna qalib gəldiyini açıqlayıb.
Editor.az bu barədə xarici KİV-lərə istinadla məlumat yayıb.
Naniton şəhərinin sakini Reyçel Holl bildirib ki, uşaqlıq illərindən etibarən kartofdan başqa demək olar ki, bütün qidalara qarşı güclü ikrah hissi keçirib. Onun sözlərinə görə, meyvə, tərəvəz və digər qidaları yeməyə cəhd etdikdə qusma refleksi yaranır, həmçinin boğulmaq qorxusu yaşayırdı.
Qadının gündəlik rasionunun əsas hissəsini illərlə kartof qızartması, sobada bişmiş kartof, kartof püresi və qızardılmış kartof təşkil edib. O, nadir hallarda toyuq əti yesə də, əksər qidaları qəbul edə bilməyib. Hətta ad günü və Milad kimi bayramlarda belə ənənəvi yeməklər əvəzinə kartof püresinə üstünlük verib.
Mütəxəssislərin müayinəsi zamanı Reyçelə ARFID (Avoidant/Restrictive Food Intake Disorder – məhdudlaşdırıcı və seçici qida qəbulu pozuntusu) diaqnozu qoyulub. Bu pozuntu zamanı insan arıqlamaq məqsədi daşımadan, qorxu və ya ikrah hissi səbəbindən müəyyən qidalardan uzaq durur. Qadın həkimlərə yüksək xolesterin səviyyəsi aşkar edildikdən sonra yardım almağa qərar verib.
Reyçel daha sonra səkkiz seans koqnitiv-davranış yönümlü hipnoterapiya kursu keçib. Müalicədən sonra o, əvvəllər qəbul edə bilmədiyi bir çox qidanı ilk dəfə dadmağa başlayıb. Hazırda qadın meyvə, tərəvəz və müxtəlif yeməklərlə qidalandığını, özünü əvvəlkindən daha enerjili və sağlam hiss etdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, ARFID nadir rast gəlinən, lakin insanın fiziki və psixoloji sağlamlığına ciddi təsir göstərə bilən qida pozuntularından biridir. Bu hadisə isə düzgün diaqnoz və müalicənin belə hallarda mühüm nəticələr verə biləcəyini göstərir.
//Gülnarə Abasova, Editor.az

