İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Avropa ölkələrinin vaxtilə İsrailin “çirkli işləri” ilə öyündüyünü bildirərək, “Müharibənin və terrorun bir bədəli var. İndi bu bədəli ödəmək növbəsi sizindir”, – deyə bildirib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsə cavabında 100 milyard avronun İran Silahlı Qüvvələrinin ölkəsinə hücum etməyə cəsarət edənlərə endirəcəyi dağıdıcı zərbə ilə müqayisədə heç nə olduğunu deyib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai sosial media hesabında paylaşım edərək Avropa ölkələrinə müraciət edib.
Rzai Avropa dövlətlərinin vaxtilə İsrailin “çirkli işləri” ilə fəxr etdiyini iddia edib:
“Bu gün isə İranla müharibənin onlara milyardlarla avroya başa gəlməsindən şikayətlənirlər. Müharibə cinayətlərini alqışlayarkən bunun hesabının sizə də təqdim olunacağını düşünməmişdinizmi? Müharibənin və terrorun bir bədəli var. İndi ödəmə növbəsi sizindir”.
İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin “İrana qarşı müharibə Avropanın enerji xərclərinə 100 milyard avrodan çox əlavə yük gətirib” açıqlamasına münasibət bildirib.
Əraqçi sosial media hesabında paylaşdığı açıqlamada Mertsin ötən il İsrail və ABŞ-ın İrana qarşı bombardmanlara başlamasını müsbət qarşıladığını və “Onlar Avropanın çirkli işlərini görürlər” dediyini xatırladıb.
İranlı nazir daha sonra belə yazıb:
“Cənab Merts, 100 milyard avro güclü İran Silahlı Qüvvələrinin xalqımıza hücum etməyə cəsarət edənlərə endirəcəyi dağıdıcı və ağır zərbənin yanında heç nədir. Qırmızı xətlər artıq keçmişdə qalıb”.
Musavat.com

