Moskvanın erməni icması ilə bağlı yeni kadr qərarı diqqət çəkir – Arxangelsk vilayətinin qubernatorunun birinci müavini Vahe Petrosyan Rusiya Erməniləri İttifaqının(REİ) rəhbərliyində təmsil olunacaq. Bu təyinat təkcə diaspor təşkilatının daxili idarəetmə dəyişikliyi deyil, həm də Rusiya-Ermənistan münasibətlərinin mürəkkəb dövründə siyasi baxımdan maraqlı addım kimi qiymətləndirilə bilər.
Musavat.com xəbər verir ki, Moskvada REİ-nin İdarə Heyətinin iclası keçirilib. Təşkilatın prezidenti Ara Abramyanın sədrliyi ilə baş tutan toplantıda diqqətçəkən qərarı Vahe Petrosyanın REİ-nin birinci vitse-prezidenti təyin edilməsi olub. Ara Abramyan yeni rəhbər şəxsi idarə heyətinə təqdim edərək onun peşəkar bacarıqlarını və şəxsi keyfiyyətlərini yüksək qiymətləndirib.
Bu təyinatın diqqət çəkən tərəfi Petrosyanın sadəcə diaspor fəalı olmamasıdır. O, hazırda Rusiyanın Arxangelsk vilayətinin qubernatorunun birinci müavini, eyni zamanda qubernator administrasiyasının və vilayət hökumətinin rəhbəridir. Başqa sözlə, söhbət Rusiya dövlət idarəçiliyində yüksək vəzifə tutan şəxsin erməni diasporunun rəhbərliyinə gətirilməsindən gedir.
1978-ci il iyulun 9-da İrəvanda anadan olan Vahe Petrosyan Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetində hüquq təhsili alıb. Daha sonra Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini hava nəqliyyatında təşkilat menecmenti ixtisası üzrə bitirib. Petrosyan Moskvanın Şeremetyevo aeroportunda məsul vəzifələrdə çalışıb, Arxangelsk aeroportunun baş direktoru olub. 2018–2020-ci illərdə Arxangelsk vilayət Məclisinin deputatı seçilib, sənaye, kommunikasiya və infrastruktur komitəsinə rəhbərlik edib. Sonradan vilayət rəhbərliyində yüksək vəzifəyə yüksəlməsi onun Rusiya dövlət idarəçiliyində mövqeyini daha da gücləndirib.Bu baxımdan Ara Abramyanın belə bir şəxsi təşkilatın birinci vitse-prezidenti təyin etməsi təsadüfi kadr seçimi təsiri bağışlamır. REİ rəhbərliyinin dövlət strukturlarında təcrübəsi, inzibati əlaqələri və siyasi imkanları olan şəxslərlə gücləndirilməsi təşkilatın Rusiyadakı fəaliyyətinin daha geniş institusional əsaslara söykənməsi niyyətindən xəbər verə bilər.
Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan uzun illərdir Rusiyadakı erməni diasporunun ən nüfuzlu nümayəndələrindən biri hesab olunur. Onun rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan ermənilərin ictimai, mədəni və təşkilati fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayır.
Belə bir təşkilatın rəhbərliyinə yüksək vəzifəli dövlət məmurunun gətirilməsi diasporun yalnız mədəni-humanitar fəaliyyətlə kifayətlənmək istəmədiyini də düşündürür. Dövlət idarəçiliyində təcrübəsi olan şəxslərin rəhbərliyə cəlb edilməsi təşkilatın regional əlaqələrini, inzibati imkanlarını və ictimai-siyasi təsir dairəsini genişləndirə bilər.Burada başqa bir məqam da var: Rusiya ilə Ermənistan arasında münasibətlərin son illərdə ciddi sınaqlardan keçdiyi bir vaxtda Moskvadakı erməni diasporunun təşkilatlanması xüsusi əhəmiyyət qazanır.
Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvan-Moskva münasibətlərində nəzərəçarpacaq dəyişikliklər baş verib. Ermənistanın Qərblə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək cəhdləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirakını dondurması və Rusiya ilə bağlı bir sıra siyasi qərarları iki ölkə arasında etimad problemini dərinləşdirib.
Musavat.com

