İran mətbuatının yaydığı məlumata görə, Tehran və Vaşinqton arasında vasitəçilər üzərindən aparılan mesaj mübadiləsi hazırda dayandırılıb.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatında bildirilir ki, ABŞ Prezidenti Donald Trampın danışıqların davam etdiyi barədə açıqlamalarına baxmayaraq, son bir neçə gündə tərəflər arasında təmaslar faktiki olaraq dayanıb.
Məlumata görə, İranın ABŞ-a göndərdiyi son mesaj İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı olub. Tehran hesab edir ki, İsrailin Livana qarşı hücumlarının davam etməsi mövcud diplomatik prosesə mənfi təsir göstərir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də son açıqlamalarında Livandakı hücumların dayandırılmasının İran-ABŞ arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olduğunu vurğulayıblar. İran rəsmiləri bu məsələyə münasibət veriləcəyini bəyan ediblər.
Digər yarı rəsmi xəbər agentliyi Tesnim isə İsrailin Livandakı əməliyyatlarını davam etdirməsi səbəbindən İranın vasitəçilər üzərindən ABŞ-la mesaj mübadiləsini dayandırdığını yazıb. Məlumata əsasən, Tehran danışıqların bərpası üçün İsrailin Livana hücumları dayandırmasını və işğal etdiyi ərazilərdən geri çəkilməsini şərt kimi irəli sürür.
Xəbərdə həmçinin qeyd olunur ki, İran rəhbərliyi Hörmüz boğazının tam bağlanması və Babulməndəb boğazı da daxil olmaqla digər regional cəbhələrin aktivləşdirilməsi variantlarını da müzakirə edir.
ABŞ Prezidenti Donald Tramp isə son açıqlamasında İranla danışıqların “sürətli tempdə” davam etdiyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az


