Polşa Baş naziri Donald Tusk Rusiyanın Ukrayna ilə həmsərhəd Avropa ölkələrinə qarşı təxribat fəaliyyətini genişləndirə biləcəyi barədə xəbərdarlıq edib.
Editor.az xəbər verir ki, Tuskun sözlərinə görə, son hadisələr Moskvanın bölgədə gərginliyi artırmaq niyyətində olduğuna dair ciddi narahatlıq yaradıb.
Polşa hökumətinin rəhbəri bildirib ki, Ukraynanın Avropa ölkələri ilə sərhədində son günlər baş verən insidentlər diqqətlə izlənilir. Xüsusilə Ukrayna–Moldova sərhədindəki sərhəd-keçid məntəqəsinə dron hücumu nəticəsində iki nəfərin öldürülməsi Varşavanın narahatlığını artırıb.
Tusk qeyd edib ki, Polşa ərazisində mümkün təhlükələrin qarşısının alınması məqsədilə Ukrayna ilə təhlükəsizlik əməkdaşlığı gücləndirilir.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatının təqdim etdiyi məlumatlarda Rusiyanın yaxın aylarda Avropanın digər sərhəd-keçid məntəqələrinə qarşı da müxtəlif təxribatlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edilib.
Moldova və Rumıniya da Ukrayna ərazisindəki müharibənin öz sərhədlərinə yaxınlaşmasından narahatlıq ifadə edib. Rumıniya son dövrdə ölkənin hava məkanında dron insidentlərinin və sərhəd infrastrukturuna zərərin artdığını açıqlayıb.
Polşa isə NATO daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və ölkədə ABŞ hərbi mövcudluğunun artırılmasını istəyir. Varşavanın fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Şərqi Avropanın müdafiə imkanlarının artırılması strateji zərurətə çevrilib.
//Samir Qurbanov, Editor.az

