Alimlər sosial təcridin beynin fəaliyyətini dəyişdirərək alkoqol qəbuluna meyli artıra bildiyini müəyyən ediblər. Lakin bu nəticələr hələlik yalnız siçanlar üzərində aparılan təcrübələrdə müşahidə olunub.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Neuroscience jurnalında dərc edilib.
Tədqiqat zamanı müəyyən edilib ki, uzunmüddətli təcrid beynin konkret neyron əlaqəsini aktivləşdirir. Erkək siçanlarda bu proses alkoqol istehlakının artmasına səbəb olub. Dişi siçanlarda isə əksinə, təcrid alkoqol qəbulunun azalması ilə nəticələnib.
Alimlər bazolateral amigdala ilə medial prefrontal korteksi birləşdirən neyron zəncirini araşdırıblar. Miniatür mikroskoplardan istifadə etməklə sərbəst hərəkət edən heyvanları müşahidə edən tədqiqatçılar müəyyən ediblər ki, təcrid müddəti uzandıqca erkək siçanlar tədricən daha çox alkoqol qəbul etməyə başlayıblar.
Neyron zəncirinin bu prosesdəki rolunu müəyyənləşdirmək üçün alimlər optogenetikadan — neyronların işıq vasitəsilə idarə olunması metodundan — istifadə ediblər. Təcrid olunmayan erkək siçanlarda həmin neyron əlaqəsi süni şəkildə aktivləşdirildikdə heyvanlar uzun müddət tək saxlanılmış kimi daha çox alkoqol qəbul etməyə başlayıblar. Əksinə, təcrid olunmuş heyvanlarda bu əlaqə söndürüldükdə onların alkoqol istehlakı nəzərəçarpacaq dərəcədə azalıb. (gazeta.ru)
Tədqiqatın diqqətçəkən nəticələrindən biri sosial təcridin erkək və dişi heyvanların beyninə fərqli təsir göstərməsi olub. Alimlərin fikrincə, bu fərq kişi və qadın beyninin sosial təcridə reaksiyasında bioloji xüsusiyyətlərin rol oynaya biləcəyini göstərir.
Tədqiqat rəhbəri, Northwestern Universitetinin əməkdaşı Rişi Patel bildirib ki, sosial təcrid uzun müddətdir sağlamlıq üçün ciddi risk faktoru kimi tanınır və psixoaktiv maddələrdən sui-istifadə ilə əlaqələndirilir. Onun sözlərinə görə, təcridin beyində yaratdığı mexanizmlərin daha dərindən öyrənilməsi gələcəkdə alkoqol asılılığı ilə mübarizə üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Bununla belə, alimlər nəticələrin yalnız siçanlar üzərində əldə edildiyini və onları birbaşa insanlara şamil etməyin düzgün olmadığını vurğulayırlar. Buna baxmayaraq, müəyyən edilən neyron əlaqəsi gələcək tədqiqatlarda alkoqol asılılığının müalicəsi üçün potensial hədəf kimi araşdırıla bilər.
//Gülnarə Abasova, Editor.az

