İranda yanacaq çatışmazlığı kəskinləşib. Paytaxt Tehran da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Editor.az xəbər verir ki, Financial Times yazır ki, ABŞ-ın dəniz blokadası və neft emalı infrastrukturuna zərbələr ölkədə yanacaq təminatına ciddi təsir göstərib. Nəticədə İranın gündəlik benzin tələbatını tam qarşılamaq üçün təxminən 15 milyon litr yanacaq çatışmır.
Vəziyyətin daha da gərginləşməsindən ehtiyat edən sürücülər çənləri tam boşalmadan yanacaqdoldurma məntəqələrinə üz tuturlar. Bəzi məntəqələrdə bir avtomobilə satılan benzinin həcmi 20 litrlə məhdudlaşdırılıb. Bu isə sürücülərin gün ərzində bir neçə dəfə növbəyə qayıtmasına səbəb olur.
İran dünyanın əsas neft istehsalçılarından biri olsa da, ölkə uzun müddətdir daxili tələbatı qarşılamaq üçün benzin idxalından da istifadə edir. Mövcud böhran müharibənin iqtisadiyyata təsirini daha da artırıb. Eyni zamanda, hökumət subsidiyaların yaratdığı maliyyə yükü və inflyasiyanın fonunda yanacaq kvotalarının azaldılmasını və qiymətlərin artırılmasını nəzərdən keçirir.
//Samir Qurbanov, Editor.az

