Kardioloq xəbərdarlıq etdi: İsti havalarda arterial təzyiq dəyişə bilərbackend

Kardioloq xəbərdarlıq etdi: İsti havalarda arterial təzyiq dəyişə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti havalarda sağlam insanların əksəriyyətində arterial təzyiq qan damarlarının genişlənməsi səbəbindən bir qədər aşağı düşə bilər.

Editor.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Yevgeni Kokin məlumat verib.

Onun sözlərinə görə, yay aylarında ürək-damar sistemi daha yüksək yüklənmə şəraitində fəaliyyət göstərir. Orqanizm həddindən artıq isinmənin qarşısını almaq üçün dəridəki qan damarlarını genişləndirir və tərləməni artırır. Bu proseslər bədən temperaturunun tənzimlənməsinə kömək etsə də, eyni zamanda qan dövranına və su-duz balansına təsir göstərir.

Mütəxəssis bildirib ki, arterial təzyiqin aşağı düşməsini kompensasiya etmək üçün ürək daha intensiv işləməyə başlayır. Nəbz sürətlənir və ürəyin dövr ərzində pompalamalı olduğu qan həcmi artır.

Həkim qeyd edib ki, isti havada güclü tərləmə nəticəsində orqanizm çoxlu maye itirərsə və kifayət qədər su qəbul edilməzsə, qanın qatılığı arta və ürəyə düşən yük daha da yüksələ bilər.

Hipertoniya, işemik ürək xəstəliyi, ürək çatışmazlığı və ya ürək ritmi pozğunluğu olan insanlarda isə yüksək temperatur səhhətin pisləşməsinə səbəb ola bilər.

Kardioloq yay aylarında qidalanmaya da xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, ürək-damar sisteminə düşən yükü azaltmaq üçün duz qəbulunu məhdudlaşdırmaq və kifayət qədər maye qəbul etmək vacibdir.

Mütəxəssis bildirib ki, natrium orqanizmdə mayenin saxlanmasına, dövr edən qanın həcminin artmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, gündəlik duz istehlakı 5 qramı keçməməlidir. Bu miqdar hazır qidaların tərkibində olan duz da daxil olmaqla hesablanır.

Həkim xüsusilə hipertoniya, ürək çatışmazlığı və böyrək xəstəlikləri olan şəxslərin duz qəbulunu daha ciddi şəkildə məhdudlaşdırmalı ola biləcəyini vurğulayıb.

Mütəxəssisin tövsiyəsinə görə, yay menyusunun əsasını tərəvəzlər, meyvələr, tam taxıllı məhsullar, paxlalılar, yağsız balıq, quş əti və duz miqdarı yüksək olmayan süd məhsulları təşkil etməlidir.

Sağlam insanlara isə gün ərzində az-az su içmək, maye qəbulunu susuzluq hissinə və fiziki aktivlik səviyyəsinə uyğun tənzimləmək tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az