Psixoloq mağazada uşağın isterikası zamanı valideynlərin necə davranmalı olduğunu açıqlayıbbackend

Psixoloq mağazada uşağın isterikası zamanı valideynlərin necə davranmalı olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mağazada uşağın isterikaya düşməsi böyükləri manipulyasiya etmək cəhdi deyil”.

Editor.az xəbər verir ki, bunu psixoloq Anastasiya Kuzmina bildirib.

Uşağın mağazada ağlaması və özünü idarə edə bilməməsi valideynlərdə çaşqınlıq, utanc və vəziyyəti mümkün qədər tez dayandırmaq istəyi yarada bilər. Lakin mütəxəssisin sözlərinə görə, belə hallar uşağın güclü emosiyaların öhdəsindən gəlmək bacarığının hələ tam formalaşmadığını göstərir.

Psixoloq valideynlərə ilk növbədə sakit qalmağı tövsiyə edib. Onun sözlərinə görə, böyüklərin uşağa qışqırması, hədələməsi və ya “Hamı bizə baxır” və “Dərhal sakit ol!” kimi ifadələrlə onu utandırması vəziyyəti daha da gərginləşdirə bilər.

“Belə bir məqamda uşağa emosiyalarını yaşamaqda kömək edən sakit bir böyüyün yanında olması vacibdir. Valideyn özü əlavə stress mənbəyinə çevrilməməlidir”, – deyə mütəxəssis vurğulayıb.

Əgər isterikaya səbəb uşağa oyuncaq və ya şirniyyat alınmaması olubsa, psixoloq valideynlərə sırf uşağı tez sakitləşdirmək üçün qərarlarını dəyişməməyi məsləhət görüb. Əks halda, uşaq uzun müddət ağladıqdan sonra istədiyini əldə edərsə, növbəti dəfə də bu davranışın nəticə verəcəyini düşünə bilər.

Bununla yanaşı, uşağın hisslərini anlamaq və qəbul etmək vacibdir. Məsələn, “Sənin çox məyus olduğunu görürəm” və ya “Sən həqiqətən bu oyuncağı istəyirdin” kimi ifadələr uşağın eşidildiyini və başa düşüldüyünü hiss etməsinə kömək edir. Mütəxəssis qeyd edib ki, uşağın hisslərini qəbul etmək onun istəyini yerinə yetirmək anlamına gəlmir, lakin emosional gərginliyi azaltmağa kömək edir.

İsterika daha da şiddətlənərsə, imkan daxilində uşaqla birlikdə daha sakit və kənar insanların diqqətinin az olduğu bir yerə keçmək tövsiyə olunur. Uşaq sakitləşdikdən sonra vəziyyəti onunla müzakirə etmək olar. Lakin isterikanın ən qızğın anında uzun-uzadı tərbiyəvi söhbətlər aparmaq məsləhət görülmür. Çünki həmin vaxt uşaq arqumentləri düzgün qəbul etmək iqtidarında olmaya bilər.

Psixoloq belə halların qarşısını əvvəlcədən almağın da mümkün olduğunu bildirib. Onun sözlərinə görə, uşaq ac, həddindən artıq yorğun və ya yuxulu olduğu zaman alış-verişə getməkdən çəkinmək lazımdır. Belə vəziyyətlərdə uşağın emosiyalarını idarə etmək qabiliyyəti zəifləyə bilər.

Mütəxəssis mağazaya getməzdən əvvəl uşaqla alış-verişin məqsədi, nələrin alınacağı və həmin gün onun üçün hər hansı kiçik bir əşyanın alınıb-alınmayacağı barədə əvvəlcədən razılaşmağı tövsiyə edib.

Psixoloqun sözlərinə görə, xüsusilə erkən yaşlarda uşaqların isterikaya düşməsi emosional inkişafın normal hissəsi hesab olunur. Bu cür davranış uşağın ərköyün olması və ya valideynlərin tərbiyədə səhvə yol verməsi demək deyil.

Mütəxəssis vurğulayıb ki, valideynlərin ardıcıl, sakit və uşağın hisslərinə hörmətlə yanaşması zamanla onun emosiyalarını qışqırıq və göz yaşları olmadan idarə etməyi öyrənməsinə kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az