Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti növbəti dəfə yüksələrək investorların diqqətini cəlb edib.
Musavat.com xəbər verir ki, con ticarət sessiyasının yekunlarına əsasən, qızılın bir troya unsiyası 32,9 dollar bahalaşaraq 4 499,8 dollara çatıb. Eyni zamanda, gümüşün qiymətində cüzi geriləmə qeydə alınıb və bir unsiya üçün 0,19 dollar ucuzlaşaraq 73,5 dollar olub.
Ekspertlər qızılın bahalaşmasını qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginlik və investorların təhlükəsiz aktivlərə marağının artması ilə əlaqələndirirlər. ABŞ-də inflyasiya gözləntiləri və Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı siqnallar da qiymətli metallara tələbi artıran əsas amillər sırasındadır.
Məlumatlara görə, qızıl son bir ildə 30 faizdən çox bahalaşıb və 2026-cı ildə də yüksək səviyyələrini qoruyub saxlayır. Analitiklər hesab edirlər ki, qlobal bazarlarda risklərin davam etməsi halında qızılın qiyməti yaxın aylarda da yüksək qalacaq.
Qeyd edək ki, COMEX dünya üzrə qızıl və digər qiymətli metalların qiymətlərinin formalaşdığı əsas ticarət meydançalarından biri hesab olunur.


