Xocalı qətliamının əsas rəhbərlərindən olan Robert Köçəryan və Qarabağ işğal altında olduğu dövrdə orada müharibə cinayətlərinin törədilməsinə rəhbərlik etmiş Serj Sərkisyan ətrafında illərdir davam edən hüquqi və siyasi proseslər yenidən gündəmə qayıdıb. İrəvanda onların keçmiş fəaliyyətləri ilə bağlı səslənən ittihamlar regionda münaqişədən sonrakı yeni mərhələnin göstəricisi kimi dəyərləndirilir. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsi fonunda Köçəryan və Sərkisyan ətrafında gedən proseslər Ermənistanın daxili məsələsi kimi deyil, Cənubi Qafqazın gələcək siyasi mənzərəsi ilə bağlı daha geniş müzakirələrin bir hissəsinə çevrilir. Bu fiqurların adı 1990-cı illərin əvvəllərindən başlayaraq Qarabağ münaqişəsi, hərbi əməliyyatlar, işğal olunmuş Azərbaycan torpaqlarında idarəçilik, müharibə cinayətləri və sonrakı siyasi repressiyalarla bağlı iddialarda paralel şəkildə çəkilir.
Bu kontekstdə Nikol Paşinyan administrasiyasının keçmiş prezidentlərə münasibətdə hüquqi məsuliyyət və beynəlxalq hüquq mexanizmləri çərçivəsində daha sərt mövqe tutması barədə tez-tez müzakirələr aparılır.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, son günlər Robert Köçəryan və Serj Sərkisyanın gələcək taleyi ilə bağlı səsləndirilən fikirlər hüquqi çərçivədə tamamilə istisna olunmuş sayılmır:
“Bu gün Köçəryan və Sərkisyan ətrafında gedən müzakirələr ilk baxışda siyasi ritorika təsiri bağışlaya bilər. Amma məsələni hüquqi müstəviyə keçirəndə görürük ki, beynəlxalq hüquqda məsuliyyət anlayışı konkret prinsiplərlə işləyir və bu mexanizm prinsip etibarilə istisna edilmir. Sadəcə, onun tətbiqi çox ciddi şərtlərdən asılıdır. Burada əsas meyarlar insan hüquqlarının qorunması, işgəncə və qeyri-insani rəftar riskinin olmaması, eləcə də siyasi motivli təqib ehtimalının istisna edilməsidir. Bu gün Azərbaycanda həbsdə olan erməni əsilli şəxslər var və onlara beynəlxalq qurumların nümayəndələri zaman-zaman baş çəkirlər. Yəni ermənilərə qarşı hər hansı işgəncədən, siyasi təqibdən söhbət gedə bilməz. Onlar Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ayrılmaz hissəsi Qarabağı işğal altında saxladıqları dövrdə müxtəlif müharibə cinayətlərində iştirak edib, həmin cinayətləri törədiblər. Xüsusilə özünü milyarder iş adamı kimi təqdim edən Ruben Vardanyanın həbsi və onunla bağlı aparılan istintaq prosesi beynəlxalq mediada da geniş işıqlandırılıb. Bu paralel proseslər Köçəryan və Sərkisyan ətrafında gedən müzakirələrlə birlikdə regionda keçmiş münaqişənin hüquqi nəticələrinin hələ də davam etdiyini göstərən əsas faktorlardan biri kimi çıxış edir”.
K. Məmmədli qeyd edib ki, Robert Köçəryan və Serj Sərkisyan məsələsi sırf hüquqi məsələ olmaqla yanaşı, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə münasibətinin də göstəricisi kimi qiymətləndirilə bilər:
“Reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə bu şəxslərin adları müxtəlif müharibə cinayətləri ilə bağlı iddialarda hallanıb. Xocalı faciəsinin siyasi məsuliyyətindən danışarkən Robert Köçəryanın adı xüsusi çəkilir. 1992-ci ildə Qarabağdakı separatçı rejimin əsas rəhbərlərindən olan Robert Köçəryan Xocalıya hücum edən qüvvələrin siyasi rəhbərliyində təmsil olunurdu. Britaniyalı jurnalist Tomas de Vaalın “Black Garden” kitabında ona aid edilən “Biz bu stereotipi sındırdıq” fikri illərdir Xocalı qətliamı ilə bağlı ən çox sitat gətirilən ifadələrdən biridir. Köçəryan bu fikri dinc, əliyalın Xocalı əhalisinə qarşı soyqırım törədilməsi kontekstində işlətmişdi. Paşinyan hakimiyyətinin indiki mərhələdə əsas xətti keçmiş siyasi sistemlə hüquqi məsuliyyət çərçivəsində hesablaşmaqdır. Bu istiqamətdə müxtəlif cinayət işləri açılıb və proses Ermənistanın daxili hüquq sistemi çərçivəsində davam edir”.
Ekspertin sözlərinə əsasən, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Dilican şəhərinə səfəri son günlərin ən çox müzakirə olunan diplomatik hadisələrindən biri kimi qiymətləndirilir.

Siyasi şərhçinin fikrincə, belə təmaslar artıq təkcə protokol səviyyəsində deyil, postmünaqişə reallığının formalaşması kontekstində yeni mərhələnin elementləri kimi çıxış edir. Xüsusilə sülh danışıqlarının intensivləşdiyi bir vaxtda bu tip səfərlər həm mesaj xarakteri daşıyır, həm də tərəflərin gələcək siyasi-hüquqi addımlarına zəmin yaradır.


