“Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu, Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında mühüm əlaqələndirici halqaya çevirməyə imkan verəcək”.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bəyan edib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması daha tez də baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha böyük açıqlıq əlamətləri görür.
“Bizim baxışımız ondan ibarətdir ki, 2030-cu ilə qədər, təəssüf ki, indiyədək sərhədlərimizin qapalı qaldığı iki qonşumuz – Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq”, – deyə Kostanyan bildirib.
O qeyd edib ki, Ermənistan amerikalı tərəfdaşları ilə birlikdə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirməyə, həmçinin Avropa ilə Mərkəzi Asiya arasında əlaqəni genişləndirməyə qadir olan “Tramp marşrutu” (TRIPP) layihəsinin işə salınması üçün hüquqi hazırlıqları yekunlaşdırır. Eyni zamanda, layihənin ilk növbədə dəmir yolu komponentinə yönəlmiş texniki-iqtisadi əsaslandırması hazırlanır.
Nazir müavininin sözlərinə görə, Ermənistan nəqliyyat infrastrukturunun modernləşdirilməsi, o cümlədən gələcək tranzit daşımalarını artırmaq üçün yeni sərhəd-keçid məntəqələrinin tikintisi və avtomobil yollarının inkişafı məsələlərində Avropa İttifaqı ilə də əməkdaşlıq edir.
Kostanyan diqqətə çatdırıb ki, ənənəvi ticarət marşrutlarının qeyri-sabitliyi və qlobal logistika zəncirlərindəki fasilələr Orta Dəhlizin əhəmiyyətini artırır və region dövlətləri üçün yeni imkanlar yaradır.
O, Azərbaycanın Ermənistan yükləri üçün dəmir yolu əlaqəsini açmağa hazır olması barədə bəyanatlarına, eləcə də Türkiyə tərəfindən son vaxtlar verilən və erməni mallarının Türkiyə ərazisindən tranzitinin mümkünlüyünə dair siqnallara işarə edib.
Kostanyanın sözlərinə görə, nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafı təkcə ticarətin böyüməsinə kömək etmir, həm də region ölkələri arasında iqtisadi asılılığın artması hesabına Cənubi Qafqazda sabitliyi gücləndirir.
Ermənistan XİN başçısının müavini əlavə edib ki, İrəvan Orta Dəhlizin özünə aid hissəsindən yüklərin maneəsiz hərəkətini təmin etmək niyyətindədir, bu isə Avropa İttifaqının dəstəyi ilə rəqəmsal həllərin və hüquqi bazanın daha da inkişaf etdirilməsini tələb edəcək.

