Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqını Moskva ilə danışıqlara maraq göstərməkdə ittiham edərək bildirib ki, Brüssel Ukraynadakı mövcud hakimiyyəti qorumaq məqsədilə danışıqlar prosesini təşviq edir.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Lavrovun sözlərinə görə, Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün vasitəçilik təşəbbüsləri irəli sürsə də, Moskva bu cəhdlərin əsas məqsədinin Kiyevdəki hakimiyyətin mövqelərini gücləndirmək olduğunu düşünür. O, həmçinin qeyd edib ki, Avropa ölkələri Rusiyaya qarşı ultimatum dili ilə danışmağa çalışır və münaqişənin gedişatı ilə bağlı reallığı düzgün qiymətləndirmirlər.
Rusiya rəsmisi əlavə edib ki, Moskva Ukrayna böhranının həlli ilə bağlı danışıqlara açıqdır, lakin bu prosesin qarşılıqlı hörmət və əvvəlki razılaşmalara əməl olunması prinsipləri əsasında aparılması vacibdir. Lavrov bildirib ki, Rusiya daha əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməməsi səbəbindən Qərbə qarşı etimad problemi yaşayır.
Nazirin fikrincə, Avropa İttifaqının Ukraynaya hərbi və siyasi dəstəyini davam etdirməsi fonunda sülh çağırışları inandırıcı görünmür. O, münaqişənin həlli üçün real addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı diplomatik səylər davam etsə də, tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır.
//Gülnarə Abasova, Editor.az


