Magistratura imtahanlarının nəticələri açıqlanandan sonra hər il olduğu kimi bu il də hazırlıq kursları uğurlu nəticələrlə bağlı geniş reklam kampaniyalarına başlayıblar.
Məsələn, Magistratura.az, MasterSchool, Master №1 və digər hazırlıq mərkəzləri sosial şəbəkələrdə və rəsmi səhifələrində yüksək bal toplayan namizədləri ön plana çıxararaq əldə olunan uğurları öz hazırlıq sistemlərinin nəticəsi kimi təqdim edirlər.
Şübhəsiz ki, hazırlıq kurslarının imtahana hazırlıq prosesində müəyyən rolu var. Lakin məsələyə daha geniş prizmadan baxdıqda görünür ki, yüksək nəticələrin arxasında təkcə bir neçə aylıq hazırlıq deyil, illərlə formalaşan akademik baza dayanır.
Dövlət İmtahan Mərkəzinin statistikaları göstərir ki, son illərdə magistratura imtahanlarında ən yüksək nəticələrə daha çox Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri nail olurlar. Magistratura üzrə ölkə birincilərinin əhəmiyyətli hissəsi də məhz bu ali məktəbin məzunları olub.
Oxşar tendensiya ADA Universitetinin tələbələri arasında da müşahidə edilir. Bu ali təhsil müəssisələrinin məzunlarının uğuru təsadüfi deyil və bunu yalnız hazırlıq kurslarının fəaliyyəti ilə izah etmək mümkün deyil.
Bunun əsas səbəbi həmin universitetlərdə tətbiq olunan təhsil modelidir. BANM və ADA Universitetində tədrisin böyük hissəsi ingilis dilində aparılır, tələbələr ilk kurslardan etibarən yüksək səviyyəli xarici dil hazırlığı keçirlər.

Xüsusilə BANM-də tələbələrin növbəti kursa keçməsi üçün IELTS imtahanından minimum 6 bal toplaması tələb olunur. Sonrakı mərhələlərdə isə ixtisas fənləri tamamilə ingilis dilində tədris edilir.
Bununla yanaşı, tələbələr akademik səviyyədə riyaziyyat, məntiq və informatika üzrə biliklər əldə edir, müasir laboratoriyalarda təhsil alır, beynəlxalq layihələrdə iştirak edir və qabaqcıl şirkətlərdə təcrübə keçirlər. Magistratura imtahanlarının da əsasən ingilis dili, məntiq və informatika üzrə keçirildiyini nəzərə alsaq, belə akademik bazaya malik tələbələrin yüksək nəticə göstərməsi təbii hesab edilməlidir.
Hazırlıq kurslarının faydasını da danmaq olmaz. Onlar namizədlərə imtahan formatını öyrədir, test həll etmə bacarıqlarını inkişaf etdirir, biliklərin sistemləşdirilməsinə kömək edirlər. Lakin bu, fundamental universitet təhsilini əvəz etmir. Güclü akademik baza olmadan yalnız bir neçə aylıq hazırlıq hesabına ölkə üzrə ən yüksək nəticələrin əldə edilməsi real mənzərəni tam əks etdirmir.
Bu səbəbdənuğurları təqdim edərkən ali məktəblərin yaratdığı akademik mühiti, universitet müəllimlərinin illərlə davam edən əməyini və tələbələrin uzunmüddətli zəhmətini də nəzərə almalıdırlar. Magistratura imtahanında yüksək nəticə, əslində, universitet təhsili, tələbənin şəxsi əməyi və hazırlıq kursunun birgə töhfəsinin məhsuludur. Bu uğuru yalnız bir tərəfin adına yazmaq obyektiv yanaşma hesab oluna bilməz.

