“ABŞ, Rusiya və Çin arasında mümkün qarşıdurma bütün tərəflər üçün mənfi nəticələrə səbəb olacaq”.
Editor.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Diplomatik nümayəndəlik üç ölkə arasındakı fikir ayrılıqlarının yalnız “Moskva, Pekin və Vaşinqtonu qarşı-qarşıya gətirməyə çalışan avroatlantik müharibə tərəfdarlarının” maraqlarına uyğun olduğunu iddia edib.
Səfirliyin açıqlamasında ABŞ senatoru Lindsi Qreminqin irəli sürdüyü təşəbbüslərə də toxunulub. Bildirilib ki, onun siyasi irsini dəstəkləyənlərin bu məsələnin mümkün nəticələri barədə düşünməsi vacibdir.
Qeyd edək ki, daha əvvəl Çinin ABŞ-dakı səfirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.
Pekin birtərəfli məhdudlaşdırıcı tədbirlərə qarşı olduğunu açıqlayıb və ABŞ-ı Çinlə digər ölkələr arasındakı əməkdaşlığa müdaxilə etməməyə çağırıb.
Sözügedən qanun layihəsi ABŞ prezidentinə Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı gömrük rüsumları tətbiq etmək imkanı verə bilər.
//Gülnarə Abasova, Editor.az

