ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlama verib.
Editor.az-ın məlumatına görə, Tramp bildirib ki, Kiyev Rusiyanın enerji infrastrukturunu hədəfə alan hücumları dayandırmağa razılaşıb. Onun sözlərinə görə, Rusiya da Ukraynanın enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəlib.
ABŞ lideri bu barədə sosial media hesabında paylaşım edib. Lakin açıqlamada razılaşmanın nə vaxt qüvvəyə minəcəyi, nə qədər müddət davam edəcəyi və hansı obyektləri əhatə edəcəyi barədə ətraflı məlumat verilməyib.
Tramp bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın neft emalı və dizel yanacağı istehsalı müəssisələrinə hücumları dayandırmaq çağırışı etmişdi. ABŞ prezidenti bu cür zərbələrin yanacaq bazarına və dizel qiymətlərinə təsir etdiyini bildirmişdi.
Ukrayna isə Rusiyanın enerji obyektlərinə hücumlarını Moskvanın hərbi imkanlarını zəiflətmək məqsədi daşıyan tədbir kimi qiymətləndirir. Rusiya da müharibə çərçivəsində Ukraynanın enerji infrastrukturuna zərbələr endirir.
Trampın açıqladığı razılaşmanın necə və hansı mexanizmlə həyata keçiriləcəyi, həmçinin tərəflərin öhdəliklərə nə dərəcədə əməl edəcəyi hələlik məlum deyil.
//Gülnarə Abasova, Editor.az

