Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yerləşən Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsinin Ermənistan tərəfindən gündəmə gətirilmədiyini bildirib. Bununla belə, son dövrlər Ermənistanın Gümrü şəhərində yerləşən bazanın gələcək taleyi və onun əvəzinə fransız hərbçilərinin yerləşdirilə biləcəyi ilə bağlı müxtəlif müzakirələr aparılır.
Bəs bu ehtimallar Ermənistan-Rusiya münasibətlərində hansı dəyişikliklərdən xəbər verir? Rusiya belə bir ssenariyə qarşı hansı addımlara əl ata bilər və prosesin regionun təhlükəsizlik arxitekturasına mümkün təsirləri nələrdir?
Editor.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının 2044-cü ilə qədər ölkədə qalmaq hüququ var:
“Ona görə də, ən azından həmin tarixə qədər bu hərbi bazanın Gümrüdən çıxarılması real görünmür. Açığı, həmin tarixdən sonra da Rusiyanın Ermənistandan çıxacağını düşünmürəm. Çünki Rusiya çalışacaq ki, bu məsələdə sona qədər israrlı davransın və Ermənistandakı hərbi mövcudluğunu qoruyub saxlasın. İrəvanın isə Rusiyanın hərbi bazasını zor gücünə ölkədən çıxarmaq iqtidarında olmadığı hər kəsə məlumdur.
Fransa məsələsinə gəldikdə isə, bu ölkənin Ermənistanda hərbi baza yaradaraq Rusiyanın 102-ci bazasını əvəzləməsi perspektivi kifayət qədər real görünmür. Belə bir ssenarinin reallaşması həm hüquqi, həm siyasi, həm də geosiyasi baxımdan ciddi suallar doğurur. Ən azı Rusiya belə bir ehtimalın real mərhələyə keçdiyini görsə, Ermənistandan çıxmaq niyyətində olmayacaq və öz mövqeyini daha açıq şəkildə ortaya qoyacaq. Moskva bildirə bilər ki, onun Ermənistanda qalmaq üçün hüquqi əsası var və Rusiya bu hüquqdan sona qədər istifadə etmək niyyətindədir”.
Onun sözlərinə görə, hazırda Rusiya tərəfindən verilən açıqlamaları müəyyən mənada imitasiya xarakterli bəyanatlar kimi də qəbul etmək mümkündür:
“Çünki Kreml tərəfindən 102-ci hərbi bazanın Ermənistandan çıxarılması ilə bağlı konkret və yekun qərarın verildiyini söyləmək üçün əsas yoxdur. Əksinə, Rusiyanın bu bazanın regiondakı mövcudluğunu qorumaqda maraqlı olduğu görünür. Bu baxımdan Fransa faktorunun ortaya çıxması Moskvanın Ermənistandakı hərbi-siyasi mövqeyini daha da sərtləşdirə bilər.
Təbii ki, bundan sonra Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginliklərin zaman-zaman davam etməsi mümkündür. Ancaq bu gərginliyin 102-ci hərbi bazanın Ermənistandan çıxarılması həddinə qədər yüksələcəyini düşünmürəm. Arada yaranan anlaşılmazlıqların müəyyən mərhələlərdə aradan qaldırılması, tərəflərin münasibətlərdə yeni balans tapması mümkündür. KTMT məsələsində də müəyyən zaman kəsiyində Ermənistanın mövqeyinin yenidən formalaşması və münasibətlərin hansısa çərçivəyə oturması ehtimalını istisna etmək olmaz.
Ermənistanın Rusiya ilə bütün əlaqələri tamamilə və birdəfəlik kəsməsi də hazırkı reallıqlar fonunda olduqca mürəkkəb görünür. Çünki Ermənistan hələ də Rusiyanın regiondakı təsir dairəsindən tam şəkildə çıxmayıb. 102-ci hərbi baza ölkədə olduğu müddətdə bu bağlılığın tam aradan qalxması da real görünmür. Buna görə də proseslərin indiki istiqamətdə davam edəcəyini düşünürəm. Müəyyən siyasi gərginliklər olacaq, qarşılıqlı sərt açıqlamalar səslənəcək, lakin tərəflər münasibətlərin tam qopması nöqtəsinə gəlib çatmayacaqlar.
Bu baxımdan hesab edirəm ki, Rusiyanın 102-ci hərbi bazasının ən azı qarşıdakı 18 il ərzində Gümrüdə qalması daha real ssenaridir”.
//Gülnarə Abasova, Editor.az

