Çin XİN-dən ABŞ-İran qarşıdurması ilə bağlı çağırış: “Ortaq maraqlara ziddir”backend

Çin XİN-dən ABŞ-İran qarşıdurması ilə bağlı çağırış: “Ortaq maraqlara ziddir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin xarici işlər naziri Vang Yi Pekində iranlı həmkarı Abbas Arakçi ilə görüşü zamanı ABŞ-İran qarşıdurmasının davam etməsi ilə bağlı mövqeyini açıqlayıb.

Editor.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) yaydığı məlumata görə, Vang Yi ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etməsinin nə tərəflərin, nə də beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət etdiyini bildirib.

Çin xarici işlər naziri tərəfləri təmkinli davranmağa və İslamabadda imzalanmış anlaşma memorandumunun icrasına mümkün qədər tez qayıtmağa çağırıb.

Vang Yi, həmçinin tərəflərin bu günə qədər əldə etdiyi razılaşmalar əsasında danışıqlar mexanizminin yenidən qurulmasının və qarşılıqlı maraq doğuran məsələlər üzrə hərtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıb.

Çin rəsmisi Yaxın Şərqdə vəziyyətin son dərəcə qeyri-sabit olaraq qaldığını və regiondakı gərginliyin qlobal inkişafa ciddi təsir göstərdiyini qeyd edib.

“Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq fikir ayrılıqlarının həllində konstruktiv rol oynamağa hazırdır”, – Vang Yi bildirib.

Qeyd edək ki, Çin xarici işlər nazirinin açıqlamaları Pekinin ABŞ-İran qarşıdurmasının diplomatik yollarla həllinə çağırışını bir daha ortaya qoyur.

//Gülnarə Abasova, Editor.az