İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İraq Kürdüstanının aparıcı siyasi partiyalarından biri olan Kürdüstan Vətənsevərlər Birliyinin (KVB) sədri Bafil Cəlal Talabani ilə görüşdə deyib ki, İran ABŞ-yə etibar etmir və Vaşinqtondan real addımlar gözləyir.
“Amerikaya heç bir vəchlə etibar etmirik, onlar əməli addım atmalı və bizim etibarımızı qazanmalıdırlar”, – iranlı general bildirib.
O, görüşdə terror qruplaşmaları məsələsinə baxılmasının və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini vurğulayaraq, Kürdüstan regionunda İsrailin hərəkətləri barədə xəbərdarlıq edib. Möhsün Rzayi həmçinin iqtisadi əməkdaşlığın artırılmasını və inkişaf etdirilməsini vurğulayıb. Bafil Talabani də iqtisadi, təhlükəsizlik və diplomatik əməkdaşlıqların inkişafını alqışlamaqla yanaşı, qruplaşmalar məsələsinin həlli və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini qabardıb.
Politoloq Kənan Novruzov Musavat.com-a dedi ki, hazırda Vaşinqtonla Tehran arasında hazırda “əsəb müharibəsi” gedir: ” Hər iki tərəfin ritorikası deməyə əsas verir ki, nə ABŞ, nə də İran müharibənin bərpasını istəyir. Çünki hər iki tərəf də anlayır ki, 40 günlük savaşın qalibi olmadı. Bununla belə, tərəflər konsensusdan da uzaqdırlar. Həm ABŞ, həm də İran öz şərtlərinin qəbul olunmasını istəyir.
Möhsün Rzayinin verdiyi açıqlama həm beynəlxalq, həm də daxili auditoriyaya yönəlib. O, bununla ABŞ-ni “cığalçı” obrazında təqdim etməyə çalışır. Həmçinin bu ismarış verilir ki, danışıqların real nəticə verməməsinin günahkarı Vaşinqton, səbəbi isə Vaşinqtonun əməli ilə sözünün üst-üstə düşməməsidir. Hərçənd İran da hazırda kompromisə meyilli deyil.
Bu gün ABŞ-İran xəttində “suların bulanmasını” istəyən əsas oyunçu İsraildir. Düşünürəm ki, İran nümayəndəsinin öz açıqlamasında buna xüsusi işarə vurması da təsadüfi deyil. Hərçənd hətta bu belə olmasa belə, Tehran Təl-Əvivin təxribatçı kimi təqdim olunmasına çalışır.
ABŞ ilə İsrail arasında xüsusilə son zamanlar fikir ayrılığı artır. Bunun əsas səbəbi İranla bağlı fərqli mövqelərdir. Bununla belə, sürpriz istisna deyil: Ağ Ev rəhbəri Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İranla müharibənin bitəcəyini desə də, bunun tam əksinin- genişmiqyaslı növbəti müharibənin şahidi ola bilərik. Bəlkə də, hazırda baş verənlər fırtına öncəsi səssizlikdir”.
Musavat.com

