Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?backend

Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Ermənistandakı 7 iyun seçkilərinə hələ də münasibət bildirməyib, Nikol Paşinyanı təbrik eləməyib. Lakin Putinin susqunluğu “qızıl razılıq” anlamına gəlməz. Ola bilsin, Kreml başçısı Konstitusiya Məhkəməsinin (KM) iyunun 28-də verəcəyi yekun qərarı gözləyir.

Bəllidir ki, Moskvaya bağlı radikal-revanşist qüvvələr seçkilərin nəticələrinin ləğvi üçün KM-yə müraciət edib. Ancaq tələb yüzdə-yüz rədd ediləcək. Bunu radikalların özləri də yaxşı bilir.

Yəqin ki, Nikol Paşinyanın seçkilərdən sonra xaricə ilk səfərini Rusiyaya eləməsi ilə bağlı gözləntiyə də məhz KM-nin qərarından sonra qəti aydınlıq gələcək. Hələ seçkilərdən aylar öncə Paşinyan iyunun ikinci yarısında Moskvaya gedəcəyini bildirmişdi. Lakin Rusiyanın seçkilərlə bağlı mövqeyini biləndən, Putindən təbrik gəlməyəndən sonra o, vədinə düzəliş edərək deyib ki, əgər rəsmi dəvət olarsa, Rusiyaya gedəcək. Putinin dəvəti isə elə seçkilərin nəticələrini tanımaq anlamına gələcək…

Bu arada “Rusiya Seqodnya” media qrupunun baş redaktoru, bədnam Marqarita Simonyan son seçkilərdə Paşinyana səs verən Ermənistan vətəndaşlarının Rusiyaya girişini qadağan etməyə çağırıb. Üstəlik, “yolunu” da təklif edib.

Маргарита Симоньян: «Никакой объективности никогда не было» - Ведомости

Sitat: “Onları sosial şəbəkələr vasitəsilə müəyyən etməyi təklif edirəm. İndi bunu etmək çox asandır. Sərhədçilər sərhəddə bunu rahat və asan şəkildə həyata keçirirlər. Həm burada, həm də Gürcüstanda. Gürcüstana getməyə çalışın, əgər Abxaziya və Osetiyaya dair bir mövqeyiniz varsa, sizi buraxmayacaqlar, elə deyilmi? Sosial mediadan istifadə edərək Paşinyanı dəstəkləyən erməniləri müəyyənləşdirib, onların Rusiyaya girişini qadağan edin. Birdəfəlik. Çünki Paşinyanı dəstəkləyirsinizsə, deməli, rusofobiyanı dəstəkləyirsiniz. Əgər rusofobiyanı dəstəkləyirsinizsə, deməli, Rusiyaya nifrət edirsiniz”.

Əcəb məntiqdir, deyilmi? Belə çıxır, Paşinyanı, spiker Alen Simonyanı da Rusiyaya buraxmaq lazım deyil. Axı, ən böyük rusufoblar elə onların özləridir.

Konkret Gürcüstana gəlincə, Tiflisin haqqı var ki, Abxaziya və Cənubi Osetiya məsələsində “qara siyahı” tərtib eləsin, çünki Rusiya onun torpaqlarını işğal edib. Vaxtilə Bakı da belə bir siyahı tutmuşdu. Amma Rusiyanın hansı ərazisi işğal olunub? Bildiyimiz qədər tam əksidir. Ukrayna nümunəsi də var.

Məsələ də ondadır ki, bir var, suveren bir dövlətin ərazisinə qanunsuz, vizasız-filansız səfərlər edəsən, bir də var, sırf seçki hüququndan istifadə edib məqbul bildiyin qüvvəyə səs verəsən. Buna görə cəza veriləcəksə, onda seçkilər nə üçündür? Hamı eyni namizədi dəstəkləməz ki? Bunlar fərqli şeylər. Yəni, cin ayrı şeytan ayrı…

Əlbəttə, Simonyanın çağırışı suda batmaq üzrə olanın saman çöpünü də xilas saymasına bənzəyir. Söhbət təkcə Ermənistandan da getmir. Moskva öncə güzgüyə baxıb öz eybini görməli onu düzəltməyə çalışmalıdır. Özü üçün aydınlaşdırmalıdır ki, nədən nəinki Şərqi Avropada, heç postsovet məkanında Rusiyanı sevmirlər.

Kəsəsi, Kreml, səbəbi qoyub nəticələrlə mübarizə aparmağa son qoymalıdır. Suveren dövlətləri hədələməkdən əl çəkməlidir. Onlara yuxarıdan-aşağı baxmamalıdır. Yoxsa postsovet ölkələrində Moskvaya olan-qalan inam da ölüb gedəcək.

Şantaj, təhdid yolu ilə, zorla özünə qarşı sevgi-rəğbət yaratmaq cəhdləri iflasa məhkumdur…

Musavat.com