Müharibə niyə uzanır?- Kiyevin geri addım atmaması yeni mərhələyə yol açırbackend

Müharibə niyə uzanır?-Kiyevin geri addım atmaması yeni mərhələyə yol açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi artıq təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, eyni zamanda Qərblə Rusiya arasında uzunmüddətli geosiyasi təsir mübarizəsinin əsas meydanlarından birinə çevrilib. Münaqişənin uzanması fonunda tərəflərin kompromis imkanları zəifləyir, xüsusilə ərazi məsələləri danışıqlar prosesinin ən həssas nöqtəsi olaraq qalır. Ekspertlər hesab edirlər ki, Kiyev üçün ərazi güzəşti daxili siyasi legitimlik və təhlükəsizlik baxımından ciddi risklər yaradır, Moskva isə bunu strateji üstünlüyünün təsdiqi kimi təqdim etməyə çalışır. Məhz bu səbəbdən tərəflərin mövqeləri sərtləşdikcə, yaxın perspektivdə tammiqyaslı sülh razılaşmasının əldə olunması ehtimalı daha mürəkkəb görünür.

Siyasi analitik Turab Rzayev Editor.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiya ilə Ukrayna arasında hər hansı uzunmüddətli razılaşmanın əldə olunması ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha da zəifləyib:

 

“Çünki müəyyən müddət əvvəl Rusiyanın həm cəbhədə, həm siyasi müstəvidə, həm də psixoloji və hərbi baxımdan müəyyən üstünlüyü müşahidə olunurdu. Lakin proseslər inkişaf etdikcə bu üstünlük tədricən zəifləyir. Bunun əsas səbəblərindən biri Rusiyanın qlobal siyasi proseslərə daha çox cəlb olunması və Qərbin, xüsusilə ABŞ-ın Moskvanı siyasi və iqtisadi baxımdan təcrid etməyə çalışmasıdır. Eyni zamanda, Rusiyada belə bir qənaət formalaşır ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin qısa müddətdə həllinə dair verdiyi mesajlar gözlənilən nəticəni yaratmayıb.

Vaşinqton tərəfindən müəyyən dövrlərdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh sazişinin imzalanması istiqamətində ciddi təzyiqlər göstərilirdi. Hətta Tramp komandasının Zelenskiyə konkret vaxt limiti verdiyi barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, Zelenski xüsusilə Avropa ölkələrinin və Böyük Britaniyanın siyasi dəstəyinə arxalanaraq danışıqlar prosesini uzatmağa çalışdı. Müxtəlif mərhələlərdə yeni şərtlər irəli sürüldü və nəticədə Donbas məsələsi üzrə kompromis əldə olunmadı.

Hazırkı vəziyyət onu göstərir ki, yaxın perspektivdə Ukrayna tərəfi Donbasın Rusiyanın nəzarətinə keçməsini qəbul etməyə meylli görünmür. Əksinə, Kiyev daha çox mövcud təmas xəttinin qorunması, lakin həmin ərazilərin hüquqi baxımdan Rusiya ərazisi kimi tanınmaması mövqeyini ön plana çıxara bilər. Bu isə münaqişənin uzunmüddətli və dondurulmuş formatda davam etməsi ehtimalını artırır.

Digər tərəfdən, Ukrayna paralel şəkildə hərbi potensialını gücləndirməyə çalışır, raket arsenalını genişləndirir, pilotsuz uçuş aparatlarının imkanlarını artırır və müdafiə sənayesini inkişaf etdirir. Bu dinamika gələcəkdə müharibənin coğrafiyasının daha da genişlənməsi riskini yaradır. Əslində isə ən doğru yanaşma münaqişənin hərbi mərhələyə keçməsinin qarşısının vaxtında alınması olardı”.

Analitik hesab edir ki, Zelenskinin əsas siyasi səhvlərindən biri proseslərin müharibə mərhələsinə keçməsinə imkan yaranan şəraitin qarşısını ala bilməməsi olub:

“Bununla belə, indiki mərhələdə Zelenskinin danışıqları uzatmaq strategiyası Ukraynanın gələcəkdə daha əlverişli şərtlərlə mövqe qazanmasına hesablanmış addım kimi qiymətləndirilə bilər. Bu yanaşma eyni zamanda həm Rusiyanın planlarına, həm də Tramp administrasiyasının sülh təşəbbüslərinə müəyyən mənada maneə yaradır. Zelenskinin Avropadakı tərəfdaşları, xüsusilə Böyük Britaniya, həmçinin müharibə şəraitində böyük maliyyə dövriyyəsinin formalaşdığı Ukrayna siyasi dairələri mövcud prosesin davam etməsində maraqlı görünürlər”.

//Gülnarə Abasova, Editor.az