Müşfiq Cəfərov: “ATƏT effektiv sülh mexanizmi formalaşdıra bilməyib”backend

Müşfiq Cəfərov: “ATƏT effektiv sülh mexanizmi formalaşdıra bilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində istifadəyə verilən ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı ATƏT-in fəaliyyəti barədə də fikirlərini bölüşüb. Ümumilikdə, ATƏT fəaliyyət coğrafiyasında mövcud olan münaqişələrin nizamlanması prosesində effektiv və nəticəyönümlü sülhyaratma mexanizmi formalaşdıra bilməyən bir təsisat kimi yadda qalıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri təxminən 30 il Ermənistanın işğalı altında qaldığı dövrdə Minsk qrupu problemin həllindən daha çox status-kvonun qorunmasına xidmət edən bir mexanizmə çevrilib:

“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya və Fransa kimi dövlətlərin prosesdə ortaq marağının Cənubi Qafqazda idarəolunan qeyri-müəyyənliyin saxlanılması, region üzərində geosiyasi təsir imkanlarının qorunması və münaqişənin tam həllindən daha çox onun nəzarətdə saxlanılması olduğu vurğulanıb. Bildirilib ki, münaqişənin həll olunmamış qalması region dövlətlərini xarici güclərdən asılı vəziyyətdə saxlayır, onların siyasi və təhlükəsizlik manevr imkanlarını məhdudlaşdırırdı.

Dövlət başçısı həmçinin Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və təminatçısının Azərbaycan olduğunu qeyd edib. Ermənistan tərəfinin müxtəlif beynəlxalq platformalarda keçirdiyi tədbirlərin real sülh prosesinə töhfə vermədiyi, əksinə, formal xarakter daşıdığı bildirilib.

Prezident İlham Əliyev Ermənistanın siyasətini tənqid edərək, sülh prosesi ilə bağlı hər iki tərəfin ən yüksək səviyyədə bəyanatlar verdiyi və addımlar atdığı bir şəraitdə bəzi beynəlxalq missiyaların mövcudluğunun vəziyyəti gərginləşdirməkdən başqa nəticə vermədiyini qeyd edib”.

Millət vəkilinin sözlərinə görə, bu missiyanın əsas dəstəkçilərindən birinin Fransa olduğu vurğulanıb:

“Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlişi və Azərbaycana qarşı yeni iddialar və təxribatlar olacağı təqdirdə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri və qabaqlayıcı addımları atacaq”.

//Gülnarə Abasova, Editor.az