30 yaşdan sonra idmana başlamağın çətin olduğu və bu yaşda bədəndə ciddi dəyişikliklərə nail olmağın mümkün olmadığı barədə yayılan fikirlər həqiqəti əks etdirmir. Mütəxəssislər bildirirlər ki, insan beyni istənilən yaşda yeni hərəkət bacarıqları mənimsəyə bilir, əzələlər isə hətta 50 yaşdan sonra da inkişaf edib güclənmək potensialını qoruyur.
Editor.az xəbər verir ki, Diana İslamovanın sözlərinə görə, idmanda əldə olunan nəticələrə ən çox təsir edən amillər yaş deyil, həyat tərzi və gündəlik vərdişlərdir. O qeyd edib ki, xroniki stress, yuxusuzluq, keyfiyyətli bərpanın olmaması, balanssız qidalanma, zərərli vərdişlər və sağlamlıq problemləri fiziki inkişafı ləngidən əsas səbəblər sırasındadır.
Mütəxəssis vurğulayıb ki, yeni məşqlərə uyğunlaşmaqda çətinlik yalnız 30 yaşdan yuxarı insanlarda deyil, daha əvvəl idmanla məşğul olmayan gənclərdə də müşahidə oluna bilər. Belə hallarda orqanizm yeni hərəkət bacarıqları formalaşdırmalı, güc və dözümlülüyünü inkişaf etdirməlidir. Bu prosesdə isə əsas rol müntəzəm məşqlərə məxsusdur.
İslamovanın sözlərinə görə, uzun müddət fiziki aktivlikdən uzaq qalan insanlarda əzələlər, bağlar və vətərlər elastikliyini qismən itirir. Buna görə də oynaqların sağlamlığını qorumaq, koordinasiyanı yaxşılaşdırmaq və əzələ tonusunu saxlamaq üçün davamlı və müxtəlif fiziki fəaliyyət vacibdir.
Ekspert qeyd edib ki, 30 yaşdan sonra orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir. Ağır məşqlərdən sonra bərpa müddəti uzana, əzələ inkişafı və toxumaların yenilənməsi ilə bağlı bəzi proseslər yavaşıya bilər. Bu səbəbdən həmin yaşdan etibarən yuxu rejiminə, düzgün qidalanmaya və istirahətə daha ciddi diqqət yetirilməsi tövsiyə olunur.
Bununla yanaşı, mütəxəssis hesab edir ki, bu dəyişikliklər idman hədəflərinə çatmağa mane olmur. Onun fikrincə, bir çox insan məhz 30 yaşdan sonra müntəzəm məşq, düzgün qidalanma və tam bərpa sayəsində ən yaxşı fiziki formasına nail ola bilir. İlk müsbət nəticələr isə məşqlərə başladıqdan bir neçə həftə sonra özünü göstərir. Bu dövrdə ümumi sağlamlıq vəziyyəti yaxşılaşır, enerji artır, əhval yüksəlir, ödem azalır və bədən duruşu dəyişir.
Diana İslamova əlavə edib ki, 30 yaşdan sonra məşqlər zamanı hərəkətlərin düzgün texnika ilə yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır. O, fiziki yüklənmənin tədricən artırılmasını, hərəkətlərə nəzarət edilməsini və məşqlərdən sonra orqanizmin tam bərpasına kifayət qədər vaxt ayrılmasını tövsiyə edib.
//Gülnarə Abasova, Editor.az

