Polşa Rusiya ilə mümkün müharibə ssenarisinə hazırlaşır. Ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Varşava belə bir münaqişənin baş verməsini istəmir, lakin ən pis ssenariyə hazırlıqlı olmalıdır.
Tomçikin sözlərinə görə, Polşa artıq təhlükələri yalnız “real” və “qeyri-real” ssenarilər kimi qiymətləndirmir. Hazırda əsas diqqət mümkün və ehtimalı az olan ssenarilərə yönəldilir. Nazir müavini xüsusilə Kremlin yaxın aylarda genişmiqyaslı təxribata əl ata biləcəyini istisna etməyib.
Polşa rəsmisi qeyd edib ki, ölkə mümkün hərbi qarşıdurma ilə yanaşı, enerji və kritik infrastruktur obyektlərinə qarşı mümkün hücumlara da hazırlaşır. Varşava müdafiə imkanlarını, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı sistemləri gücləndirir.
Tomçik Rusiyanın hazırda NATO ilə birbaşa hərbi qarşıdurmaya hazır olmadığını və belə bir müharibədə alyansa məğlub olacağını bildirib. Bununla belə, onun fikrincə, Ukraynadakı müharibənin başa çatmasından sonra Moskva hərbi potensialını yenidən gücləndirməyə çalışa bilər.
Nazir müavini NATO ölkələrini öz müdafiə imkanlarını gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və Rusiyanın alyans sərhədlərinə yaxınlaşmasının qarşısını almağa çağırıb.
Polşanın bu açıqlaması NATO-nun şərq cinahında Rusiyanın mümkün gələcək təxribatları ilə bağlı narahatlığın artdığı bir vaxtda səslənib.
//Samir Qurbanov, Editor.az

