Azərbaycan və Ermənistan arasında son aylarda intensivləşən siyasi-diplomatik təmaslar Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İkitərəfli dialoqun davam etdirilməsi, həssas məsələlərin birbaşa müzakirəsi və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edən əsas amillərdən hesab edilir. Ekspertlər hesab edirlər ki, sülh prosesinin uğurla yekunlaşması üçün siyasi iradə ilə yanaşı, razılaşdırılmış öhdəliklərin praktik müstəvidə ardıcıl şəkildə icrası da həlledici rol oynayacaq.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ermənistan ərazisində keçirdiyi görüş, şübhəsiz ki, müsbət hadisədir və son təxminən bir ildə Vaşinqton görüşündən sonra tərəflər arasında intensiv xarakter alan təmasların tərkib hissəsidir:
“Son 10 ay ərzində sülh prosesinin irəlilədilməsi istiqamətində kifayət qədər ciddi addımların atıldığını söyləmək mümkündür. Bu baxımdan məlum səfər çərçivəsində müzakirə olunan məsələlər, əlbəttə ki, iki ölkə arasında münasibətlərin normallaşmasına müsbət töhfə verəcək addımlar kimi qiymətləndirilə bilər.
Nəzərə alsaq ki, əldə olunmuş razılaşmaya əsasən növbəti görüş Azərbaycanda keçiriləcək, mütəmadi olaraq rəsmi səviyyədə bu cür təmasların davam etdirilməsi prosesin irəli aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
İlk növbədə tərəflər arasında qarşılıqlı əhəmiyyət daşıyan əsas məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiya prosesinin irəlilədilməsi, eləcə də kommunikasiyaların açılmasıdır. Artıq müəyyən tənzimləyici məhdudiyyətlər aradan qaldırılıb və Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması həyata keçirilir.
Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılması qarşılıqlı etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edəcək. Tərəflər də məhz bu istiqamətdə müəyyən addımlar atırlar.
Bu prosesin kulminasiya nöqtəsi isə sülh müqaviləsinin imzalanması ola bilər. Lakin bunun üçün müəyyən prosedurların tamamlanmasına ehtiyac var. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər həyata keçirilməli və yalnız bundan sonra sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın bu mövqeyinin əsaslı olması Ermənistanda keçirilən seçkilərin nəticələri fonunda bir daha aydın şəkildə özünü göstərdi.
Ümumilikdə hesab edirəm ki, tərəflər arasında yüksək səviyyəli rəsmi görüşlərin, eləcə də ictimaiyyət nümayəndələrinin vaxtaşırı təmaslarının və qarşılıqlı müzakirələrinin davam etdirilməsi Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin möhkəmlənməsinə, eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək”.
//Gülnarə Abasova, Editor.az


