Braziliya futbolunun əfsanəsi Peleyə məxsus, 1958-ci il dünya çempionatının final oyununda geyindiyi forma Sotheby’s hərracında 4,88 milyon dollara satılıb.
Editor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Söhbət Pelenin İsveçə qarşı keçirilən və Braziliyanın 5:2 hesablı qələbəsi ilə başa çatan tarixi final matçında geyindiyi formadan gedir. Həmin oyunda 17 yaşlı Pele iki qol vuraraq ölkəsinə tarixində ilk dünya çempionluğunu qazandırıb. O, bu günə qədər dünya çempionatı finallarında qol vuran ən gənc futbolçu olaraq qalır.
Pele futbol tarixində üç dəfə dünya çempionu olan yeganə oyunçudur. O, 1958-ci ildən başqa, 1962 və 1970-ci illərdə də Braziliya millisinin heyətində mundialın qalibi olub.
Buna baxmayaraq, satış məbləği futbol formaları üzrə dünya rekordunu yeniləməyib. Hazırda rekord Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı keçirdiyi oyunda geyindiyi formaya məxsusdur. Həmin forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.
//Gülnarə Abasova, Editor.az

