Kofeinsiz qəhvənin yaddaşa adi qəhvədən daha faydalı olduğu müəyyənləşibbackend

Kofeinsiz qəhvənin yaddaşa adi qəhvədən daha faydalı olduğu müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kofeinsiz qəhvənin yaddaş göstəricilərinə müsbət təsir göstərə biləcəyi müəyyən edilib. İrlandiyanın Kork Universitet Kollecinin alimləri apardıqları araşdırmada kofeinsiz qəhvə qəbul edən iştirakçıların yaddaş testlərində daha yaxşı nəticə göstərdiyini müəyyənləşdiriblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqatda 31 qəhvə istehlakçısı iştirak edib. İştirakçılar əvvəlcə iki həftə ərzində gündəlik qəbul etdikləri üç-beş fincan qəhvədən imtina ediblər. Daha sonra onlar üç həftə ərzində hər gün dörd porsiya həll olunan qəhvə qəbul ediblər. İştirakçıların bir hissəsinə kofeinsiz, digər hissəsinə isə adi qəhvə verilib. Təcrübənin ikiqat kor prinsipi əsasında aparılması səbəbindən nə iştirakçılar, nə də tədqiqatçılar kimin hansı növ qəhvə qəbul etdiyini bilməyiblər.

Təcrübənin sonunda yalnız kofeinsiz qəhvə qəbul edən qrupun yaddaş testlərində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Bu iştirakçılar sözləri yadda saxlamaq və obyektlərin yerləşdiyi məkanı düzgün müəyyənləşdirmək üzrə testlərdə daha yüksək nəticələr göstəriblər.

Araşdırma zamanı hər iki qrupda stress, depressiv əhval və impulsivlik səviyyəsinin azaldığı da müəyyən edilib. Kofeinli qəhvə qəbul edən iştirakçılarda isə əlavə olaraq narahatlığın azaldığı və diqqətin yaxşılaşdığı müşahidə olunub.

Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri qəhvənin tərkibində kofeinin olub-olmamasından asılı olmayaraq bağırsaq mikrobiotasının tərkibinə təsir göstərməsidir. Tədqiqatçılar ehtimal edirlər ki, bu təsirin əsas səbəblərindən biri qəhvənin tərkibində olan polifenollardır.

Polifenollar bağırsaqdakı faydalı mikroorqanizmlər üçün qida mənbəyi rolunu oynaya bilər. Bu mikroorqanizmlər isə bağırsaq-beyin əlaqəsi vasitəsilə idrak funksiyalarına və əhval-ruhiyyəyə təsir göstərə bilər.

Tədqiqatın müəlliflərindən Con Kriyan qeyd edib ki, qəhvənin təsirini yalnız kofeinlə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, qəhvə bağırsaq mikroorqanizmləri, maddələr mübadiləsi və emosional vəziyyətlə qarşılıqlı əlaqədə olan daha mürəkkəb qida amilidir.

Bununla belə, alimlər nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayırlar. Araşdırmada cəmi 31 nəfərin iştirak etməsi və müşahidənin bir neçə həftə davam etməsi nəticələrin geniş əhali üçün ümumiləşdirilməsinə imkan vermir. Kofeinsiz qəhvənin yaddaşa mümkün faydasını təsdiqləmək üçün daha böyük iştirakçı qrupları ilə uzunmüddətli tədqiqatların aparılması tələb olunur.

//Gülnarə Abasova, Editor.az