Dözülməz işgəncələrdən qaçıb atalarına zəng etdilər – Ana da həbs olundubackend

Dözülməz işgəncələrdən qaçıb atalarına zəng etdilər – Ana da həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iki azyaşlı uşağa qarşı amansız rəftar etməkdə təqsirləndirilən ana və onunla birgə yaşayan kişi barəsində məhkəmə qərarı verilib. Apellyasiya instansiyasının qərarından sonra ana da məhkəmə zalında həbs olunub.

Editor.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisələr Bakı şəhərinin Biləcəri qəsəbəsində və Tərtər rayonunda baş verib.

Məlumata əsasən, 34 yaşlı Ç.Rüstəmova həyat yoldaşından ayrıldıqdan sonra 13 yaşlı qızı və 8 yaşlı oğlu ilə birlikdə sosial şəbəkədə tanış olduğu T.Abbasovla yaşamağa başlayıb. İstintaq materiallarına görə, sonradan uşaqlar evdə ağır rəftara və fiziki zorakılığa məruz qalıblar.

İddialara əsasən, uşaqlar ev işlərini görmədikdə və ya mübahisə etdikdə döyülüb, qaynar əşyalarla yandırılıb, gecə saatlarında evdən çıxarılaraq qaranlıqda saxlanılıblar. Qızın saçının çarpayıya bağlandığı, ona fiziki və psixoloji əzab verildiyi, həmçinin dişlərinin sındırıldığı bildirilib.

Dözülməz rəftardan sonra uşaqlar evdən qaçaraq tanımadıqları şəxsin telefonundan atalarına zəng ediblər. Ataları onları tapdıqdan sonra polisə müraciət edib. Tibbi ekspertiza zamanı uşaqların bədənlərində çoxsaylı qançır, çapıq və yanıq izləri, qızın qolunda isə sınıq aşkarlanıb.

Cinayət işi məhkəməyə göndərildikdən sonra T.Abbasov ittihamları qəbul etməyib və uşaqlara toxunmadığını bildirib. Ana isə məhkəmədə övladlarına əzab verdiyini etiraf edərək peşman olduğunu deyib və azadlıqdan məhrum edilməməsini istəyib.

Lakin uşaqlar məhkəmədə başlarına gələnləri danışaraq hər iki şəxsin cəzalandırılmasını tələb ediblər.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə T.Abbasov 4 il, Ç.Rüstəmova isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ananın azyaşlı övladına görə cəzasının çəkilməsi təxirə salınıb.

Prokuror bu qərarla razılaşmayaraq apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi ananın cəzasının təxirə salınması barədə qərarı ləğv edib və Ç.Rüstəmova məhkəmə zalında həbs olunub.

Hazırda zərərçəkmiş uşaqlar doğma atalarının himayəsindədir. Hər iki valideynin həbs olunması səbəbindən bir yaşlı uşağın vəziyyəti ilə bağlı da qərar qəbul edilib. Məhkəmə onun zəruri ehtiyaclarının dövlət büdcəsi hesabına təmin olunması barədə tapşırıq verib. Müvafiq işlərin təşkili Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilib.