OpenAI Rusiyadan və İrandan idarə olunan, ChatGPT-dən istifadə etməklə saxta jurnalist profilləri yaradan və dezinformasiya yayan iki təsir əməliyyatının qarşısını aldığını açıqlayıb. Şirkət həmin fəaliyyətlərdə iştirak edən hesabları bloklayıb.
Editor.az Euronews-a istinadən xəbər verir ki, məlumata görə, əməliyyatların əsas məqsədi Ukrayna müharibəsi ilə bağlı anti-Ukrayna təbliğatını yaymaq, eləcə də İran ətrafındakı münaqişə fonunda ABŞ və İsraildə fikir ayrılıqlarını dərinləşdirmək olub.
OpenAI bildirib ki, bu hadisə süni intellekt alətlərinin dövlətlər və müxtəlif qruplar tərəfindən genişmiqyaslı informasiya manipulyasiyası üçün necə istifadə oluna biləcəyini göstərir.
İran əməliyyatında saxta jurnalistlərdən istifadə edilib
Şirkətin hesabatına əsasən, İranla əlaqələndirilən əməliyyat çərçivəsində Qərb ölkələrindən, o cümlədən ABŞ-dan olduqlarını iddia edən yeddi saxta jurnalist profili yaradılıb. Həmin profillər vasitəsilə müxtəlif media platformalarında genişhəcmli məqalələr dərc etdirilib.
OpenAI-nin məlumatına görə, əməliyyatla əlaqəli təxminən 100 məqalə dünyanın 12-yə yaxın onlayn media platformasında yayımlanıb və ya yenidən dərc olunub. Bu materiallar əsasən beynəlxalq münasibətlər, geosiyasət və Yaxın Şərqdəki hadisələrə həsr edilib.
Aşkarlanan ilk məqalə 2025-ci ilin iyulunda, sonuncusu isə 2026-cı ilin oktyabrında dərc olunub. Şirkət ABŞ-İran müharibəsinin başlanmasından sonra bu tip materialların sayının artdığını bildirib.
Əməliyyat iştirakçıları sosial şəbəkələrdə ABŞ-İran müharibəsi ilə bağlı şərhlər də hazırlayıblar. Saxta profillərdən biri özünü amerikalı sərbəst yazar kimi təqdim edən Ervin B. Hoskins adlı şəxsə aid olub. Onun X və Instagram platformalarında hesablarının olduğu bildirilib. OpenAI-nin təqdim etdiyi görüntülərə əsasən, hər iki hesabın fəaliyyəti dayandırılıb.
Rusiya ilə əlaqəli əməliyyatın hədəfi Ukrayna olub
OpenAI-nin açıqlamasında Rusiya ilə əlaqələndirilən digər əməliyyata da diqqət çəkilib. Bildirilib ki, bu fəaliyyət çərçivəsində Latın Amerikasında yaşayan və vəziyyətin mahiyyətindən xəbərsiz olduğu ehtimal edilən şəxslərdən istifadə olunaraq Sosial Tədqiqatlar Mərkəzi (Social Research Center – SRC) adlı düşüncə mərkəzi yaradılıb.
Şirkətin qiymətləndirməsinə görə, qurumun əsas məqsədlərindən biri Ukraynanın regiondakı nüfuzuna zərər vurmaq və yerli siyasi proseslərə təsir göstərmək olub.
OpenAI qeyd edib ki, SRC-də çalışan Latın Amerikası əməkdaşlarının Rusiya mənşəli qrup üçün işlədiklərindən xəbərsiz olduqlarına dair əlamətlər mövcuddur. Mərkəzin orijinal materiallarının əksəriyyətinin də cəlb edilmiş əməkdaşlar tərəfindən hazırlandığı bildirilib.
Hesabata əsasən, ChatGPT-dən daxili hesabatların yazılması, təbliğat materiallarının hazırlanması, sosial şəbəkələr üçün paylaşım və şərhlərin tərtibi, eləcə də düşüncə mərkəzinin fəaliyyət nəticələrinin qiymətləndirilməsi məqsədilə istifadə edilib.
Sosial şəbəkələrdə siyasi qarşıdurmanı dərinləşdirməyə çalışıblar
OpenAI-nin açıqladığı nümunələr arasında Polşanın sağçı siyasətçisi, Avropa Parlamentinin üzvü Qjeqoj Braunla bağlı paylaşımlar da yer alıb. Braun “anti-Polşa” mövqeyi nümayiş etdirən şəxslərin ölkədə arzuolunmaz elan edilməsini təklif etmişdi.
Məlumata görə, bu mövzuda hazırlanan sosial şəbəkə reaksiyaları Polşada Ukraynaya dəstəklə bağlı fikir ayrılıqlarını gücləndirməyə yönəlib.
OpenAI bildirib ki, son hadisələr süni intellektin saxta kimliklər yaratmaq, məqalələr hazırlamaq və siyasi təbliğatı geniş auditoriyaya çatdırmaq üçün istifadə olunması riskini bir daha ortaya qoyur.
\\ Aydan Bünyatova, Editor.az

