İtkin düşmüş şəxslərin taleyi Azərbaycan-Ermənistan sülhünə necə təsir edəcək?-AÇIQLAMAbackend

İtkin düşmüş şəxslərin taleyi Azərbaycan-Ermənistan sülhünə necə təsir edəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında sülh prosesinin davamlı xarakter alması yalnız siyasi razılaşmaların əldə olunması ilə məhdudlaşmır. Münaqişənin ağır humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və zərərçəkmiş ailələrin uzun illərdir gözlədiyi məlumatların əldə olunması da bu prosesin mühüm istiqamətlərindəndir. Xüsusilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın nəticəyönümlü və şəffaf şəkildə aparılması humanitar problemlərin həllinə, qarşılıqlı etimadın formalaşmasına və yekun sülh sazişi üçün daha əlverişli zəminin yaranmasına töhfə verə bilər.

Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərlə bağlı məsələnin həlli xüsusi əhəmiyyət daşıyır:

“Xüsusilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılarla bağlı Azərbaycanın Ermənistan qarşısında qaldırdığı tələblər və təqdim etdiyi siyahılar mövcuddur. Azərbaycan həmin şəxslərin taleyinin müəyyənləşdirilməsini tələb edir.

“Hazırda Ermənistanın da bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etdiyi görünür. Qeyd edim ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə apardığı araşdırmalar zamanı insan skeletləri aşkar edir və əldə olunan məlumatları Ermənistan tərəfinə də təqdim edir. Bu da Azərbaycanın məsələyə səmimi və məsuliyyətli yanaşdığını göstərir. Ermənistan da eyni mövqedən çıxış etməli, Birinci Qarabağ müharibəsi ilə bağlı öz məsuliyyətini dərk etməlidir.

Düşünürəm ki, bu müzakirələr iki tərəf arasında qarşılıqlı etimadın formalaşmasına və sülh prosesinə töhfə verəcək. Bu istiqamətdə əməkdaşlıq mütləq davam etdirilməlidir. Müharibədən əziyyət çəkən ailələr, xüsusilə yaxınları itkin düşmüş şəxslərin doğmaları bu məsələdə xüsusi diqqət mərkəzində olmalıdırlar. İki dövlət arasında əldə olunan razılaşmalar çərçivəsində həmin ailələr itkin düşmüş yaxınlarının taleyi ilə bağlı məlumat əldə etməlidirlər. Bu, onların gözləntilərinin qarşılanması və humanitar məsələlərin həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq müsbət məcrada davam edəcək və iki tərəf arasında qarşılıqlı etimadın möhkəmlənməsinə müsbət təsir göstərəcək. Bu proses yekun sülh müqaviləsinin əldə olunması baxımından da əhəmiyyətlidir”.

//Gülnarə Abasova, Editor.az