Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin vahid məktəbli forması geyinməsi ilə bağlı qaydalara əməl olunması yoxlanılacaq.
Editor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, monitorinqlər zamanı şagirdlərin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş məktəbli forması tələblərinə riayət etməsi araşdırılacaq. Eyni zamanda, müəllimlərin pedaqoji fəaliyyətin xüsusiyyətlərinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etməsi də yoxlanılacaq.
Təhsil İdarəsinin məlumatına görə, məktəblərdə vahid geyim qaydalarına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Geyimlə bağlı yaranan məsələlər isə Pedaqoji Şuralarda müzakirə olunaraq müvafiq qərarlar əsasında həll edilir.
Şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə gəlməsinə görə məsuliyyət valideynlərin üzərinə düşür.
Qeyd olunub ki, vahid məktəbli formalarının tətbiqində əsas məqsəd təhsil müəssisələrində nizam-intizamı qorumaq, səliqəli görünüşü təmin etmək və bütün şagirdlər üçün bərabər təhsil mühiti yaratmaqdır.

