Rusiyanın iri biznes dairələri ilə əlaqələri olan sahibkar Tahir Matiyevin ailəsi İtaliyada böyük vergi qalmaqalının mərkəzinə düşüb. İtaliyanın vergi orqanları onun həyat yoldaşı Zarina Matiyevanı 11 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edirlər. Araşdırma zamanı ailənin İtaliyada çoxsaylı daşınmaz əmlaka sahib olduğu üzə çıxıb.
söhbət vaxtilə Rusiyanın tanınmış milyarderi, “Safmar” sənaye-maliyyə qrupunun sahibi, neft və daşınmaz əmlak biznesində böyük sərmayələri ilə tanınan Mixail Qutseriyevin yaxın biznes tərəfdaşı olmuş Tahir Matiyevdən gedir.
Məlumata görə, İtaliya vergi orqanlarının diqqətini əvvəlcə ölkənin məşhur kurort şəhərlərindən biri olan Alassioda 2 milyon avroya alınmış dəbdəbəli penthaus cəlb edib. Əmlakın alıcısının maliyyə vəziyyəti araşdırılarkən Zarina Matiyevanın Liquriya bölgəsində daha yeddi evə sahib olduğu müəyyənləşdirilib.
Həmin evlərin icarəyə verildiyi və ailəyə müntəzəm gəlir gətirdiyi bildirilir.
Araşdırmaya əsasən, Zarina Matiyeva 2018-ci ildən İtaliyada yaşayır. Onun həyat yoldaşı Tahir Matiyev isə əsasən Moskvada qalaraq ailəyə məxsus biznes strukturlarının fəaliyyətinə nəzarət edir.
Mənbələr bildirirlər ki, Matiyevin Moskvadakı şirkətləri arasında “Zarina”, “Lora”, “Lidiya-T”, “Merkuri XXII”, “Sezar” və “Mebelşik” kimi müəssisələr var. Aktivlərin bir hissəsi ailənin övladları Mikail və Lidiyanın adına rəsmiləşdirilib.
Tahir Matiyevin “Cadillac Escalade” və “Mercedes-Benz” avtomobillərindən istifadə etdiyi də qeyd olunur.
Tahir Matiyev Rusiyanın böyük biznes dairələrinə necə daxil olub?
Məlumata görə, Matiyev 2000-ci illərin əvvəllərində Rusiyanın ən iri neft və maliyyə sahibkarlarından biri olan Mixail Qutseriyevlə əməkdaşlıq edib.
Qutseriyev “RussNeft” neft şirkətinin yaradıcısı və “Safmar” qrupunun rəhbəri kimi tanınır. Onun biznes maraqları neft hasilatı, kömür sənayesi, maliyyə və kommersiya daşınmaz əmlakı sahələrini əhatə edib.
Tahir Matiyev bir müddət Qutseriyevlə əlaqəli məşhur “Petrovski passaj” ticarət kompleksinə rəhbərlik edib və həmin biznesdə pay sahibi olub.
2005-ci ildən o, Qutseriyevin BİN qrupuna məxsus “Smolenski passaj” ticarət kompleksinin rəhbərliyində çalışıb. 2009-cu ildə isə “Russkiy uqol” kömür şirkətinə rəhbərlik edib.
Lakin 2010-cu ildə Matiyev şəxsi səbəbləri əsas gətirərək Qutseriyevin biznes strukturlarından ayrılıb və müstəqil sahibkarlıq fəaliyyətinə başlayıb.
Matiyevlər ailəsinin İtaliyadakı əmlaklarının üzə çıxması Rusiyada davam edən başqa bir məhkəmə mübahisəsi ilə eyni vaxta təsadüf edib.
Mənbələrin məlumatına görə, Rusiya məhkəməsi bu yaxınlarda Tahir Matiyevin “Marmarilo” şirkətinin borclarına görə subsidiar məsuliyyət daşıması barədə qərarı qüvvədə saxlayıb. Borcun yekun məbləği isə hələ müəyyənləşdirilməyib.024-cü ildə isə onun barəsində altı il altı aylıq həbs cəzası çıxarılıb.
Beləliklə, Matiyev ailəsinin xaricdəki aktivləri ilə bağlı vergi araşdırması Rusiyada illərdir davam edən biznes və məhkəmə mübahisələri fonunda gündəmə gəlib.
Ailənin Moskvada da böyük daşınmaz əmlak aktivlərinə malik olduğu bildirilir.
Bunlara Avanqardnaya küçəsi, 12 ünvanında yerləşən və “Diksi” supermarketinin fəaliyyət göstərdiyi bina, Xovrino rayonunun Belomorskaya küçəsində yerləşən kommersiya obyekti, eləcə də Çasovaya küçəsi, 13 ünvanındakı 5 min kvadratmetrdən artıq sahəsi olan bina daxildir.
Sonuncu binada əvvəllər “Billa” supermarketi fəaliyyət göstərib. Məlumata görə, binanı Tahir Matiyev 2021-ci ildə “Torqovıy dom QUM” şirkətindən alıb. Torpaq sahəsinin uzunmüddətli icarəsi isə qızı Lidiya Matiyevin adına rəsmiləşdirilib.
Araşdırmada Rusiyanın daha bir tanınmış iş adamının – Mixail Kusniroviçin də adı çəkilir.
Kusniroviç Rusiyada lüks geyim və ticarət biznesinin aparıcı nümayəndələrindən biri, məşhur “Bosco di Ciliegi” şirkətlər qrupunun qurucularındandır. Bu qrup Moskvanın Qırmızı meydanında yerləşən tarixi QUM ticarət kompleksinin idarə olunması və beynəlxalq geyim brendlərinin satışı ilə tanınır.
“Rucriminal.info”nun məlumatına görə, Kusniroviçlə Tahir Matiyev 2000-ci illərdən yaxın dostluq münasibətlərinə malikdirlər.
Nəşr Kusniroviçin İtaliya vətəndaşlığına, Lombardiyada villaya və Pyemont bölgəsində hotelə sahib olduğunu bildirir.
Mənbə ehtimal edir ki, Kusniroviç İtaliyadakı əlaqələri vasitəsilə Zarina Matiyevə daşınmaz əmlak alınmasında kömək etmiş ola bilər. Lakin bu ehtimalı təsdiqləyən konkret sübut təqdim olunmur.
Hazırda Matiyevlər ailəsinin İtaliyadakı əmlakları yerli vergi orqanlarının, Rusiyadakı aktivləri isə “Marmarilo” işi çərçivəsində məhkəmə araşdırmalarının diqqət mərkəzindədir.
Qeyd edək ki, İtaliyada 11 milyon avroluq vergidən yayınma ittihamı və ailənin əmlaklarının mənşəyi ilə bağlı məlumatların bir hissəsi jurnalist araşdırmasına əsaslanır. Sözügedən şəxslərin hamısının hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiyi təsdiqlənməyib.
Musavat.com

